İran tarixinin ən şiddətli internet məhdudiyyələrindən birinin 10-cu gününü yaşayır. Ölkədə 92 milyon vətəndaş bütün internet xidmətlərindən, hətta telefon və mətn mesajlaşma xidmətlərində də kəskin pozuntulardan əziyyət çəkir.

Hökumət xidmətləri 8 yanvar tarixində etirazlara qarşı başladılan repressiya ilə bağlı beynəlxalq tənqidi boğmaq və etirazçıları səssizləşdirmək məqsədilə kəsib.
İranın Xarici İşlər Naziri Abbas Ərəqçi internetin kəsilməsini "xarici yönümlü terror əməliyyatlarına" cavab kimi qiymətləndirib.
Hökumət internet xidmətlərinin nə vaxt bərpa olunacağını açıqlamayıb, lakin yeni məlumatlara görə, pərdə arxasında rəsmilər onu daimi məhdudlaşdırmaq üçün planlar hazırlayırlar.
"FilterWatch" internet azadlığı müşahidəçiləri hesab edirlər ki, hökumət İranı beynəlxalq internetdən kəsmək üçün yeni sistem və qaydaları tələsik həyata keçirir.
Onlar qeyd edirlər: "Beynəlxalq internetin yenidən açılması gözləntisi olmamalıdır. Hakimiyyət ölkəni bütövlükdə xaricə bağlı olmayan milli internetə keçirmək üçün son addımları atır".
Təhlilçilər xəbərdarlıq edirlər ki, belə bir addım İranı "ifrat rəqəmsal təcrid" vəziyyətinə sala bilər və bu, ölkənin iqtisadiyyatına, təhsilinə və vətəndaşlarının ümumi həyat keyfiyyətinə dağıdıcı təsir göstərəcək.
Bu, 2019-cu ildə baş verən və ölkəni demək olar ki, tamamilə offline vəziyyətinə salan bir həftəlik internet dayanmasından sonra son illərin ən uzun müddətli və genişmiqyaslı internet məhdudiyyətidir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
