24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı veterinar-doktor Rəşad İsmayılovdur. O, yay aylarında heyvanlar arasında daha çox hansı xəstəliklərin yayıldığı və heyvan saxlayan şəxslərin nələrə diqqət etməli olduğu barəsində danışıb.

-Yay aylarında heyvanlar arasında, əsasən, hansı xəstəliklər geniş yayılır və heyvan saxlayan şəxslər nəyə diqqət etməlidir?
-Yay aylarında heyvanlar arasında daha çox xarici və daxili parazitlər geniş yayılır. Daxili parazitlərə qurdlar aiddir. Xarici parazitlərə isə gənələr, bitlər, birələr daxildir. Onlar da eynilə qurd qədər, hətta qurdlardan daha çox heyvanlara zərər verirlər. Əgər itdə, pişikdə bit, birə, gənə görülürsə, balaca, hamilə heyvanlar üçün sprey dərmanlar, yetişkin heyvanlar üçün isə müxtəlif adda dərmanlardan istifadə etmək lazımdır. Digər xəstəliklər isə xarici parazitlərin daşıdığı transmissiv xəstəliklərdir ki, onlar da yay fəsli ilə əlaqədar olaraq heyvanlarda çox görünür. Bunlara da daha çox babeziya, enixios, anaplazma daxildir ki, bunlar da gənələrin dişləmələri nəticəsində itlərdə, pişiklərdə, daha çox itlər arasında yayılır. Bunlar təhlükəli xəstəliklərdir, əgər sahibi diqqətli davranmazsa, gec müraciət edərsə, bu heyvanın ölümü ilə nəticələnə bilər. Virus xəstəlikləri yay aylarında digər fəsillərə nisbətən gec yayılır, çünki viruslar daha çox soyuq havalarda yaşayırlar. Bizim ölkəmizdə onsuz da kifayət qədər soyuq yoxdur, aşağı temperaturda, 5-10 dərəcə arasında dəyişən temperaturda viruslar daha çox yayılır, 20-25 dərəcədə virusların fəaliyyəti aşağı düşür. Baxıma gəldikdə isə heyvan sahibi birinci heyvanın təmizliyinə diqqət etməlidir. Yay fəslində, xüsusilə, itlər mütəmadi olaraq çimizdirilməlidir, pişiklər isə 8-10 həftədən bir çimizdirilə bilər. Temperatur keçidlərinə diqqət yetirilməlidir. Heyvanlar günün 8 saatında kondisionerdə saxlanılıb sonra isti temperatura keçirilməsi yolverilməzdir. Heyvanların isti gün şüaları altında çox gəzdirilməsini də məsləhət görmürük, çünki günvurma halları da yay fəslində tez-tez rast gəlinən hallardan biridir. Daxili xəstəliklərə gəldikdə isə onun fəsillə bir əlaqəsi yoxdur. Ürək qüsurları daha çox isti havalarda rast gəlinsə də, amma istiylə əlaqədar deyil, nəfəs çatışmazlığı ilə bağlıdır. Əgər qışda da ürək problemi olan bir canlı varsa, o, yay aylarında da özünü göstərə bilər. Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq yay və payız aylarında heyvanlarda vitamin azlığı, tük tökülməsi müşahidə olunur. İtlər və pişiklər üçün yaz və payız ayları fəsil dəyişkənliyi sayılır, onlara əlavə olaraq vitamin tabletleri verilməsini tövsiyə edirik.
Lumu Zülfüqarova
