Bu gün:

Britaniya və Fransa Suriyada İŞİD-ə məxsus yeraltı silah anbarını vurub


Böyük Britaniya və Fransa Hərbi Hava Qüvvələri Suriyanın mərkəzində Palmira şəhərinin şimalında yerləşən İŞİD-ə məxsus yeraltı silah anbarına birgə hava zərbəsi endirib. Böyük Britaniyanın Müdafiə Nazirliyi əməliyyatın dəqiq kəşfiyyat məlumatlarına əsasən həyata keçirildiyini bildirib.

Açıqlamaya görə, obyektin silah və partlayıcı maddələrin saxlandığı bir məkan olduğu müəyyən edilib. Britaniyaya məxsus "Typhoon" tipli döyüş təyyarələri "Paveway IV" idarəolunan bombalardan istifadə edərək yeraltı kompleksə giriş tunellərini hədəfə alıb və ilkin məlumatlara əsasən hədəf uğurla məhv edilib.


Rəsmi qurumlar zərbə zamanı mülki əhaliyə ziyan dəymədiyini, bütün təyyarələrin təhlükəsiz şəkildə bazaya qayıtdığını açıqlayıb. Əməliyyat zamanı “Typhoon” təyyarələrinə yanacaq dolduran “Voyager” təyyarəsi də dəstək verib.


Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, bu əməliyyat İŞİD-in yenidən güclənməsinin qarşısını almağa yönəlib və ölkəsinin müttəfiqlərlə çiyin-çiyinə təhlükəli terror ideologiyalarına qarşı mübarizəsini göstərir. O, əməliyyatda iştirak edən hərbçilərin peşəkarlığını və cəsarətini xüsusi vurğulayıb.


BMT-nin məlumatına görə, İŞİD-in hazırda Suriya və İraqda 5–7 min arasında döyüşçüsü qalır. Beynəlxalq koalisiya isə qalıq terror qruplaşmalarının məhv edilməsi və xarici döyüşçülərin bölgəyə axınının qarşısının alınması məqsədilə əməliyyatlarını davam etdirib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et