Gustav Klimtin "Elisabeth Ledererin Portreti" uzun illər ictimaiyyətdən gizli qaldıqdan sonra 236 milyon dollara satılaraq rekord qırıb. Əsər 1914–1916-cı illərdə çəkilib və rəssamın son dövr yaradıcılığının ən mürəkkəb nümunələrindən sayılıb. Bu satış tablonun həm bədii, həm də tarixi dəyərinə diqqəti yenidən yönəldib.
Portret Klimtin Qızıl Dövr əsərlərindən fərqli olaraq parlaq qızıldan çox dərin psixoloji və simvolik qatlara söykənib. Tabloda Şərqi Asiya motivləri ilə yanaşı, hüceyrə quruluşlarını xatırladan biomorfik formalar birləşdirilərək mifologiya ilə müasir elmi düşüncə arasında körpü yaradılıb. Əsərin nasistlər tərəfindən müsadirə edilməsi və sonradan bərpa olunması onun tarixi yükünü daha da artırıb. Bu portret təkcə zəngin bir ailənin qızının təsviri deyil, həm də kimlik, mənşə və sağ qalma mövzularının vizual ifadəsidir. Elisabeth Ledererin həyat hekayəsi tablodakı simvollarla təəccüblü şəkildə səsləşib. Məhz bu bədii dərinlik və tarixi kontekst əsərin misilsiz qiymətə satılmasını əsaslandırıb.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Fidan Mənsimova
.
