Bu gün:

Zohran Mamdani Nyu-Yorkun yeni meri kimi and içib


Nyu-Yorkun yeni meri Zohran Mamdani yanvarın 1-də tərk edilmiş metro stansiyasında keçirilən mərasimdə Qurana əl basaraq and içib və rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. 

Bildirilib ki, Mamdaninin həyat yoldaşı ilə birgə tədbirdə çoxsaylı Nyu-York sakinləri iştirak ediblər.

Günün ikinci yarısında şəhər küçələrində bayram xarakterli tədbirlərin keçirilməsi gözlənilir.

Nyu-York ştatının qanunvericiliyinə əsasən, dördillik merlik müddəti seçkilərdən sonrakı ilin 1 yanvar tarixində başlayır.

ABŞ-nin ən böyük şəhərinin idarəçiliyində hər hansı qeyri-müəyyənliyin yaranmasının qarşısını almaq məqsədilə gecə yarısı kiçik andiçmə mərasiminin keçirilməsi artıq ənənəyə çevrilib.

Özünü demokratik sosialist kimi təqdim edən Mamdani andiçmə mərasimi üçün keçmiş bələdiyyə binasının metro stansiyasını seçib.

Bu stansiya ötən əsrin ortalarında istismardan çıxarılıb və hazırda ildə cəmi bir neçə dəfə bələdçili turlar vasitəsilə ziyarət oluna bilir.

Mamdani komandası bu seçimin onun “şəhəri hər gün ayaqda saxlayan əməkçilərə bağlılığını” simvolizə etdiyini bildirib.

34 yaşlı sabiq ştat assambleyası üzvü Mamdani seçki kampaniyası zamanı kirayə haqlarının dondurulması, pulsuz avtobus nəqliyyatı və ödənişsiz uşaq baxımı vədləri ilə əsas diqqəti əhalinin yaşayış xərcləri ilə bağlı çətinliklərinə yönəldib.

Bəzi siyasi müşahidəçilər bu yanaşmanı aralıq seçkilər ərəfəsində Mamdaninin üzvü olduğu Demokrat Partiya üçün gələcək strategiya baxımından mümkün yol xəritəsi kimi dəyərləndirirlər.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et