İsveçrənin Crans-Montana xizək kurortunda Yeni il gecəsi “Le Constellation” adlı barda baş verən yanğın faciə ilə nəticələnib. Polis yanğının yerli vaxtla saat 01:30-da başladığını bildirib. Hadisə zamanı təxminən 40 nəfər ölüb, 115 nəfər isə ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Şahidlər BBC-yə bildiriblər ki, böyük partlayışdan sonra barı qatı tüstü bürüyüb. 18 yaşlı gənc qardaşının içəridə olduğunu düşündüyü üçün pəncərəni qırmağa və insanlara çıxış yolu tapmağa çalışıb. “İnsanların yanıb kül olduğunu gördüm, bu çox dəhşətli idi”, – deyə o bildirib. Xoşbəxtlikdən qardaşı xəsarət almayıb.
Barda olan iki fransız qadın yanğının şampan şüşələrinin üzərinə qoyulan ad günü şamlarından yarana biləcəyini deyiblər. Onların sözlərinə görə, taxta tavan bir neçə saniyə ərzində alova bürünüb. Dar pilləkənlər və çıxış yolları səbəbindən təxliyə olduqca çətin olub və qısa zamanda yüzlərlə insan çıxmağa çalışıb.
Başqa bir yeniyetmə “isti dalğası”ndan gizlənməyə məcbur qaldığını, yalnız pəncərəni sındıraraq xilas olduğunu söyləyib. Yaralılara ilkin yardım göstərilib, lakin yaxın xəstəxananın reanimasiya şöbəsi sürətlə dolub və bəzi yaralılar İtaliyaya, o cümlədən Milana göndərilib.
Hadisədən sonra şəhərdə sarsıntı hökm sürüb. Səlahiyyətlilər qurbanların kimliklərinin müəyyən edilməsinin həftələr çəkə biləcəyini bildiriblər. Yaxınlarını itirən və ya onlardan xəbər gözləyən ailələr isə böyük nigarançılıq içində qalıblar.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
