Bu gün:

Körpə qütb ayısını "övladlığ"a götürən ana ayı


Kanadalı alimlər qütb ayıları arasında çox nadir rast gəlinən bir hadisəni qeydə alıblar. Dişi bir qütb ayısı öz balası olmayan, anasını itirmiş başqa bir balanı "övladlığ"a götürüb.

"Polar Bears International" adlı qeyri-kommersiya təşkilatının verdiyi məlumata görə, tədqiqatçılar yaz aylarında üzərində izləmə yaxalığı olan bir dişi qütb ayısını müşahidə ediblər. O zaman ayının yanında yalnız bir balası olub. Payızda yenidən müşahidə aparılanda isə həmin ayının yanında eyni yaşda olan iki bala olduğu görülüb.

Ana ayı X33991 kodu ilə tanınır və Qərbi Hudson körfəzi bölgəsində yaşayan qütb ayıları qrupuna aiddir. Alimlər bildiriblər ki, son 50 il ərzində bu bölgədə araşdırılan 4 600-dən çox qütb ayısı arasında bu hadisə cəmi 13-cü dəfə qeydə alınıb.

"Polar Bears International" təşkilatının mütəxəssisi Alysa McCall bildirib ki, qütb ayılarında övladlığa götürmə halları çox nadir və qeyri-adi hesab olunur və bunun dəqiq səbəbi hələ də məlum deyil.

Kanadanın "Ətraf Mühit və İqlim Dəyişiklikləri" üzrə qurumunda çalışan alim Evan Richardson isə qütb ayılarının çox güclü analıq instinktinə malik olduğunu deyib. Onun sözlərinə görə, əgər sahildə anasını itirmiş, ağlayan balaya rast gəlsələr, bəzi dişi ayılar onu tək buraxa bilmir və himayələrinə götürürlər. Alim bunu qütb ayılarının həyatında maraqlı və diqqətçəkən bir davranış kimi qiymətləndirib.

Tədqiqatçılar övladlığa götürülən bala ayıdan genetik nümunə götürüblər. Məqsəd onun əsl anasına nə baş verdiyini müəyyən etməkdir.

Mənbə: Upi news 

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et