Bu gün:

"Hər şey qədərində gözəldir..."


24media.az-ın növbəti qonağı fərdi inkişaf kouçu və psixoloq Ləman Məmmədovadır. O, təşviş pozuntusu ilə bağlı sualları cavablandırıb.

İlk olaraq, müsahibimiz həyəcanla təşviş pozuntusunun fərqlərindən bəhs edib. O deyib ki, dünyaya gəldiyimiz andan etibarən bizdə xüsusi instinktlər formalaşır. Buraya qorxu, həyəcan və s. kimi duyğuların daxil olduğundan bəhs edib. Örnək olaraq isə heç 40 günlük olmamış uşağın yüksək səs eşitdikdə qorxmasının, diksinməsinin normal olduğunu, amma müəyyən situasiyada lazımsız, qeyri-müəyyən mühitdə qorxu hiss etməsinin normal olmadığını deyib. Həmçinin o hər hansı biri ilə danışarkən mədəmizdə "kəpənəklərin uçuşması"-nın normal, lakin bu zaman həyəcan basması, özünü həyəcandan itirməyin, səs tonunun dəyişməsi, tərləməyin və əsməyin-hamısının təşviş pozuntusu göstəriciləri olduğunu bildirib: 

"Təşviş pozuntusu bir çox insanın əziyyət çəkdiyi psixoloji narahatlıqdır və bir çox hallarda hədəflərimizə çatmaqda bizə əngəl ola bilir". 


Ləman Məmmədova bildirib ki, insanlar çox zaman psixoloq, psixoterapistlərin yanına vəziyyətləri ciddiləşən zaman yaxınlaşırlar. Əgər insan normal situasiyada belə özlərində narahatlığı 3 dəfədən çox hiss edirsə, mütəxəssislərə müraciət etmək haqqında düşünməlidir. 

"Bu hallar 2-3 ay davam edirsə və şiddəti artmış olursa, bu başqa bir mərhələnin göstəricisidir",-dedi.


O, həmçinin insanların psixoloqların yanına lazım olan vaxtdan gec gəlməsi barədə bunları deyib:

"Təəssüf ki, elə bir mərhələyə çatmış olur ki, sinir sistemində beyin yarımkürələri və beyin payları arasındakı fəaliyyət pozulmuş olur. Artıq o zaman sözün əsl mənasında dərman terapiyasına ehtiyac duyulur. Bununla da psixoterapistlər məşğul olurlar".


"Yaxınlaşanların 90%-ində səbəb psixoloji faktorlarla bağlı olur",-deyən müsahibimiz hansı insanların terapiyaya ehtiyacı olduğunu izah edərək terapiyaya keçid dövrünün insanın sahib olduğu fiziki və psixoloji faktorlarla müəyyən olunduğunu bildirib:

"Öncəliklə, ürək-damar sistemində problem varmı? Tənəffüs, endokrin sistemi, sinir sistemi ilə bağlı həkimə müraciət edibmi? Edibsə, hər hansı bir problem müəyyənləşdirilibmi? Əgər bu tip problemlər yoxdursa, psixoloji tərəfdən yanaşmağa başlayırıq". 


Daha sonra isə o təşviş pozuntusunun faktorlarını, səbəblərini daha ətraflı izah edib. Bildirib ki, təşviş pozuntusuna təsir edən sosial faktlar vardır. Status, gəlir, yəni maddi vəziyyət, yaşama şəraiti, sahib olunan münasibətlər, ümumiyyətlə, hər biri sosial faktorlardır. Bioloji faktorlar isə genetikadan asılıdır. 


Mövzunu ətraflı izah edən psixoloqumuz qarşılaşdığı maraqlı təcrübədən də misal gətərərək şüuraltının belə psixologiyada əhəmiyyətli yerə sahib olduğunu bildirib:

"Məsələn, ana bətnində hiss edilən qorxu və həyəcan belə dünyaya gələn uşağa təsir edir. Uşaq bətnində ana minik qorxusu keçirirsə, bu dünyaya gələn uşaqda da bu rastlanır. Araşdırmaya görə, ana bətninə düşməzdən 33 ay əvvəl ana-atanın yaşadığı duyğular sonradan həmin uşaqda görülür. Bir eksperimentdə soxulcanları qutuya salır və çıxardıqlarında işıq yandırırlar. Soxulcanlar işığa tərəf getdikləri zaman müəyyən qurğularla onlara iynə batırılır. Müəyyən müddətdən sonra artıq soxulcanlar işığa doğru getmir. Sonra isə həmin soxulcanlarda döllənmə prosesi gedir və dünyaya gələn soxulcanlar analarını görməsələr belə işığa yaxınlaşmırlar. Bu da şüuraltının psixologiyaya necə təsir etdiyinin göstəricisidir".

Psixoloq Ləman Məmmədova təşviş pozuntusunun növlərini də sıraladı: generalize olunmuş təşviş pozuntusu, sosial fobiyalardan qaynaqlanan təşviş pozuntusu, aqrafobiya, espesifik fobiyaları. O qeyd etdi ki, hər bir növün də xüsusi mənası var.


Ləman Məmmədova təşviş pozuntusunun növlərindən biri olan spesifik fobiyaya qana qarşı qorxu, hər hansı bir heyvan yaxınlaşdıqda qorxmaq, hündürlük, uçuş qorxusu, minikdən istifadə edərkən pəncərə kənarında oturmaqdan qorxmaq kimi qorxuların buraya daxil olduğunu bildirib. Həmçinin spesifik fobiyaların hər hansı bir vəziyyətin və ya duyğunun insana qorxu, həyəcan kimi duyğuları hiss etdirdiyi zaman xarakterizə olunduğunu da deyib. 


Daha sonra sosial fobiyalardan danışan müsahibimiz bu fobiyaya mənsub şəxslərin kütlə qarşısına çıxmaqdan qorxduğunu deyib. Bu halların, əsasən, teatrda, kinoda-izdiham olan yerlərdə baş verdiyindən həm fiziki, həm də psixi tərəflərinin mövcud olduğunu izah edib. Mövzu haqda ətraflı məlumat verən Ləman Məmmədova fiziki tərəflərinə insanda boğulma, əsmə, ürək döyüntüsü, psixoloji faktorlarına isə insanın çəkinməsi, utanması, kütlədən zərər görəcəyini düşünməsi kimi hisslərin yaranmasının aid olduğunu bildirib. 


Günümüzdə, əsasən, gənclərin sahib olduğu ayrılıq təşviş pozuntusundan danışarkən bu psixoloji problemin daha çox böyüklər və uşaqlar arasında göründüyünü bildirib. Hətta uşaqlarda ayrılıq təşviş pozuntusunun necə yarandığını və romantik ifadələrin belə bir yerdən sonra normal olmadığını belə izah edib:

"Böyüklərdə romantik münasibətdə "səninlə olarkən belə sənin üçün darıxıram" deyilməsi, əslində, normal deyil. Bu ifadə bir neçə dəfə romantika üçün deyilə bilər, lakin daha çoxu itirmə qorxusunu göstərir. Uşaqlarda ayrılıq təşviş pozuntusu, əsasən, məktəbə yeni getdikləri zaman analarından uzaqlaşdıqları üçün ortaya çıxa bilir və yaxud yanlız anaya deyil, hər hansı bir oyuncağa qarşı olan həddindən artıq bağlılıq duyğusu da bu təşviş pozuntusuna nümunə ola bilər".


Müsahibimiz hər şeyin qədərində gözəl və anlamlı olduğundan danışarkən bu ifadələrdən istifadə edib:

"Hər şey qədərində gözəldir. Sevgi normaldır, qorxu da insani bir duyğudur və bizi təhlükələrdən qorumaq işini görür".


"Təşviş pozuntusu ərzində panik ataklarda sizə zərər verəcəyini düşündüyünüz mühitlərdən bir qədər uzaqlaşmaq gərəkdir",- deyən psixoloqumuz sırf "qorxumun öhdəsindən gəlməliyəm" düşüncəsi ilə sərhədləri keçməyin düzgün olmadığını bildirib. O bunun səbəbini açıqlayarkən insanların sahib olduğu şüuraltılarının fərqli olduğunu və insanın öz sağlığını nəzərə almadan addım atarsa, sağlamlığına, psixologiyasına mənfi təsir göstərə biləcəyini deyib. 


Azərbaycanda valideynlərin təşviş pozuntusuna qarşı münasibəti barədə danışan Ləman Məmmədova bu ifadələrdən istifadə edib: 

"Azərbaycanda valideynlərin bu narahatlığa olan baxışı çox da ürək açıcı deyil. Lakin sevindirici haldır ki, artıq valideynlər keçmiş illərə nəzərən öz üzərlərində daha çox işləyir, şəxsi inkişaflarına diqqət edirlər. Psixologiyaya maraqları var və ətrafda baş verənləri izləməyə çalışır, övladlarına daha çox diqqət edirlər".


"Lakin statistika tam olaraq doğru deyil",- Statistika göstəricilərini deyən müsahibimiz günümüzdə bu narahatlığın 15-18% yayıldığını, lakin statistikanın da tam olaraq doğru olmadığını deyib. O, həmçinin bu göstəricilərin ölkədən-ölkəyə, mühitdən-mühitə dəyişə biləcəyini bildirib. 


Psixoloji pozuntunun statistikaya yansımasını və nə dərəcədə yayıldığı haqqında,-"Statistikaya əsasən isə depressiyadan sonra 2-ci yerdə olduğunu deyə bilərik",- deyib. 


Təşviş pozuntusunun yeniyetmələr və yaşlılar arasında, lakin ən çox yeniyetmələr arasında müşahidə edildiyini vurğulayaraq onlara əsas təsirin hormonal dəyişikliyin baş verməsi ilə bağlı olduğunu bildirib və bunun səbəbini psixoloq Ləman Məmmədova bu cür izah edib:

"Bu zaman istər-istəməz şəxsiyyətin növbəti mərhələyə keçid dövrü baş verir. Bu zaman "mənlik" duyğusu valideyn tərəfindən təsdiqlənmədiyində, alçaldıldığında, sıxma-boğmaya salındıqda, qapalı mühitdə saxlandıqda təşviş pozuntusu artır. Çox zaman qayğı və basqı altında böyüdülən həmin uşaqlar iyirmili yaşlarında da ailə bağlarından qopa bilmirlər".


Müsahibimiz həmçinin təşviş pozuntusunun dərmanla müalicəsinin də mövcud olduğunu, lakin bu istifadənin təşviş pozuntusunun dərəcəsindən asılı olduğunu bildirib. İdarə edilə bilməyən həddə çatıbsa, dərman müalicəsinə ehtiyac duyulur, ancaq dərmanlardan istifadə insan sağlamlığına istər-istəməz mənfi təsiri göstərdiyini də qeyib edib. 


Təşviş pozuntusunun insanda var olub-olmamasının testlərlə müəyyən olunduğunu deyən müsahibimiz nəticənin əldə olunan bala uyğun pasiyentin ehtiyacının müəyyənləşdirildiyini bildirib. O, həmçinin psixoloji təşviş pozuntusunun hər hansı bir xəstəlik keçirdikdən sonra belə insanda ortaya çıxa biləcəyini deyib.


"Təşviş pozuntusu ən çox qadınlarda rastlanır",-deyən Ləman Məmmədova bunun səbəbinin qadınların hadisələrə kişilərə nisbətən daha duyğusal yanaşmaları ilə bağlı olduğunu bildirib. 


24media.az bildirir ki, təşviş pozuntusu həmişə insan həyatının bir hissəsi olmuşdur. Hələ eramızdan əvvəl 5000-ci illərdə qədim hind yazılarında travma sonrası stress pozğunluğu (TSSP) kimi səslənən ifadənin təsvir forması idi. Ancaq tam olaraq narahatlığın öyrənilməsi Yunan-Roma dünyasında təxminən 2000 il əvvəl başladı.

Aydan Qasımova

Paylaş
Şərh əlavə et