ABŞ-də cümə axşamı günü minlərlə insanın telefonuna zəlzələ xəbərdarlığı gəlib. Bildirişdə insanlara təhlükəsizlik üçün “yerə uzanın, örtünün və möhkəm tutunun” deyilib. Lakin az sonra məlum olub ki, bu xəbərdarlıq tamamilə yanlışdır və əslində, heç bir zəlzələ baş verməyib.

ABŞ Geoloji Xidməti (USGS) Nevada ştatının Deyton şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ olduğunu açıqlayıb. Bu məlumat San-Fransisko bölgəsində yaşayan insanlara da çatıb. Halbuki San-Fransisko həmin ərazidən təxminən 180 mil uzaqda yerləşir.
Daha sonra bildirilən episentrə yaxın olan ərazilərdə fəaliyyət göstərən bir neçə polis və təhlükəsizlik qurumu araşdırma aparıb. Onlar heç bir yeraltı təkan, silkələnmə və ya zəlzələyə aid başqa əlamət qeydə alınmadığını bildiriblər. Normalda 5,9 bal gücündə zəlzələ hiss olunan dərəcədə güclü olur və az da olsa, maddi ziyana səbəb ola bilər.
Yanlış xəbərdarlığın səbəbi hələ tam məlum deyil. Lakin mütəxəssislər bunun avtomatik zəlzələ xəbərdarlıq sisteminin ilk dəfə saxta məlumat yayması ola biləcəyini düşünürlər.
Koloradoda yerləşən "Milli Zəlzələ Məlumat Mərkəzi"nin əməkdaşı Yaareb Altavil deyib ki, indiyə qədər belə bir hadisə ilə rastlaşmayıblar. Onun sözlərinə görə, sistem bəzən zəlzələnin gücü və ya dərinliyi ilə bağlı səhv məlumat verib, amma bu hallar növbədə olan seysmoloq tərəfindən dərhal düzəldilib.
"Berkli Seysmoloji Laboratoriyası"ndan Enci Laks da tamamilə əsassız zəlzələ xəbərdarlığı barədə əvvəllər eşitmədiyini bildirib. O deyib ki, bu yalnış siqnalın səbəbi partlayışlar, tikinti işləri və ya iri nəqliyyat vasitələrinin yaratdığı güclü titrəyişlər ola bilər. Bu cür insan fəaliyyəti bəzən seysmik cihazlar tərəfindən səhvən zəlzələ kimi qəbul edilir.
Mənbə: Sky news
Tərcümə etdi: Aydan Xudayarova
