Bu gün:

"Gənclərin bu sənətə həmişə marağı var"


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarovdur. O, gənclərin teatra marağından danışıb.

Gənclərin teatra marağını necə qiymətləndirirsiniz?

Son illərin göstəricilərinə nəzər salsaq, bütövlükdə teatr prosesində canlanma hiss olunmaqdadır. Bu mənada bizim universitetdə də eyni proses gedir. Əslində, gənclərin teatra, xüsusən də, bu sənətə gəlməyə həmişə marağı var. Biz bunu aktyor, rejissor sənəti ixtisası üzrə qəbula gələn tələbələrin sayına da fikir versək görə bilərik. Bəzən, xüsusən, gənc nəsildən olan aktyorlar da, rejissorlar da, uğura daha tez çatmaq yolunu seçirlər. Sözsüz ki, uğur çətinliklərdən, müəyyən mürəkkəb poseslərdən keçir və buna hazır olmaq, üzərində işləmək lazımdır. Bizdə artıq ikinci ildir ki, Pillə Tələbə Tamaşaları Festivalı keçirilir və biz burada tamaşalarda görürük ki, bizim nə qədər həm aktyor, həm rejissor sənəti üzrə təhsil alan istedadlı tələbələrimiz var. Sadəcə, ölkədə bütün teatr prosesi elə bir formatda olmalıdır ki, tələbələr universiteti bitirdikdən sonra hamısı müəyyən teatrlarda işləyə bilsinlər. Əvvəlki dövrlərdə onlar təyinatlarla rayonlara göndərilirdilər, işlə, evlə təmin olunurdular, sosial problemləri həll olunurdu. İndi isə heç bir tələbə heç bir yerə təyinatla göndərilmir, hansısa rayon getmək istəyənlər belə, onların sosial şəraitləri təmin olunmadığına görə bir az fikirlərindən daşınmış olurlar. Hamısı Bakıda qalıb işləmək istəyir, həm tez şöhrətə çatmaq üçün, həm də daha çox maddi vəziyyəti düzəltmək üçün bunun özü də daha asan yolu seçməkdir. Bakıda nisbətən bu sahə genişdir-seriallar, filmlər, teatrlar daha çoxdur və s. Bütövlükdə müasir gəncliyin teatrda gəlişini çox alqışlayıram və bu, eyni zamanda, tamaşaçılarda da özünü göstərir. Son illərdə bizim teatrlarda tamaşaçıların da sayı artıb, sözsüz ki, o tamaşaçıların böyük bir hissəsi gənclərdir. Ümumiyyətlə, statistika da göstərir ki, əhalinin 80 faizini 15-35 yaş arası gənc insanlar təşkil edir. Onlara xüsusi önəm vermək, üzərilərində işləmək lazımdır. Biz də bir müəllim kimi çalışırıq ki, onları düzgün yola yönəldək, tədris prosesini düzgün quraq və istedadları üzə çıxaraq.

Günel Məmmədova




Paylaş
Şərh əlavə et