Yaponiyanın şimal-şərqində bazar ertəsi gecəsi baş verən 7,5 bal gücündə zəlzələ ən azı 30 nəfərin yaralanmasına səbəb olub və minlərlə insan evlərini tərk etməyə məcbur qalıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 23:15-də, Aomori bölgəsinin sahilindən təxminən 80 km aralıqda, 50 km dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra verilən sunami xəbərdarlıqları artıq ləğv edilib, lakin 70 sm-ə qədər dalğalar müşahidə edilib.
Hadisə nəticəsində bəzi qatar xətləri dayandırılıb, minlərlə ev işıqsız qalıb. Hakimiyyət orqanları növbəti günlərdə daha güclü afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edərək, əhalini ən azı bir həftə diqqətli olmağa çağırıb.
Yaponiyanın Baş naziri Sanae Takaichi zəlzələdən təsirlənən sakinlərə müraciət edərək bildirib: “Gündəlik zəlzələ hazırlığınızı yenidən gözdən keçirin, mebellərinizi bərkidib təhlükəsizliyi təmin edin və hər hansı silkələnmə hiss etdikdə dərhal təxliyəyə hazır olun.”
Reuters-in məlumatına görə, təxminən 90 min nəfərin təxliyəsi ilə bağlı göstəriş verilib.
Aomori prefekturası hökuməti bildirib ki, bölgədə 2 700-ə yaxın ev elektrik enerjisiz qalıb. East Japan Railway şirkəti də şimal-şərq sahili boyunca bəzi qatar xətlərinin fəaliyyətini dayandırıb.
Yaponiyanın hökuməti baş nazirin böhran mərkəzində fövqəladə cavab ofisi yaradıb və operativ komissiya toplayıb. Hökumət sözçüsü Minoru Kihara bildirib ki, zərərin qiymətləndirilməsi və xilasetmə işləri üçün bütün resurslar səfərbər olunub.
Tohoku Electric Power şirkətinin məlumatına görə, Higashidori və Onagawa atom elektrik stansiyalarında zəlzələdən sonra hər hansı nasazlıq aşkarlanmayıb. Eyni zamanda Yaponiyanın səlahiyyətli qurumları Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriblər ki, Fukusima AES-də də heç bir anormallıq qeydə alınmayıb.
Xatırladaq ki, 2011-ci il 11 martda Fukusima stansiyası 9,0 bal gücündə zəlzələnin yaratdığı sunami nəticəsində ciddi ziyan görmüş, 18 mindən çox insan həyatını itirmiş və bir sıra şəhərlər xəritədən silinmişdi.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
