24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı tibb üzrə ekspert Aydın Əliyevdir. O, həkimlərə lazım olan, vacib bilik və bacarıqlardan danışıb.

-Həkimlərin işə qəbulu üçün əlavə hansı bilik və bacarıqlar tələb olunmalıdır?
Səhiyyədə ən aktual sualdır. Həkimlər də digər peşə sahibləri kimi öz sahələrini bilməlidir. Həkimlər nələri dərindən bilməlidir onları qeyd edəcəm. İlk növbədə, təbiəti gözəl bilməlidir. Flora və faunanı bioloq kimi bilməlidir. Təbiət və insan təmaslarının sağlamlıq üçün əsas olduğunu görməli və bunları xəstəyə başa salmalıdır. İnsan psixologiyasını tam görməyi bacarmalıdır. Xəstənin psixologiyasına tam bələd olmalıdır. Xəstənin ailə, iş, cəmiyyətdəki durumunu analiz etməyi bacarmalıdır. Daha sonra yazdığı dərman reseptini xəstəyə tam başa salmalıdır. Gəlin, etiraf edək ki, bəzi həkimlərdə bu hala rast gəlmirik. İzahlar zamanı heç bir tələskənlik edilməməlidir. Xəstəni inandırmaq bacarığına malik olmalıdır. Onu həm həkimin özünə, həm də müəyyən edilmiş xəstəliyə ruh yüksəkliyi ilə qalib gələcəyinə inandırmaq lazımdır. Həkim dünyada baş verən bütün yeniliklərə açıq olmalı və xəbərdar olmalıdır. Həkimlərin sənəti çətin və məsuliyyətlidir, çünki insanların həyatı onların əlindədir.
Fidan Əlizadə
