Bu gün:

Benində hərbçilər Talon hakimiyyətini devirdiklərini elan ediblər


Benində bir qrup əsgər dövlət televiziyasında çıxış edərək Prezident Patrik Talonun hakimiyyətdən uzaqlaşdırıldığını bəyan ediblər. Onlar konstitusiyanın dayandırıldığını, sərhədlərin və hava məkanının bağlandığını açıqlayıblar.

Fransa səfirliyi prezidentin Kotonu şəhərindəki iqamətgahı yaxınlığında atəş səslərinin eşidildiyini bildirib və vətəndaşlarını evdə qalmağa çağırıb. Rəsmi mənbələr isə Talonun təhlükəsiz olduğunu və çevriliş cəhdinin məhdud bir qrup tərəfindən həyata keçirildiyini vurğulayıblar.


Xarici işlər naziri Şequn Adjadi Bakari ordunun böyük hissəsinin hökumətə sadiq qaldığını və vəziyyətin nəzarətə götürüldüyünü deyib. Prezident Administrasiyasından bildirilib ki, şəhər və ölkə ümumilikdə təhlükəsizdir.


Əsgərlərin oxuduğu bəyanatda hərbi keçid şurasının rəhbəri kimi polkovnik-leytenant Tiqri Paskalın adı çəkilib. Onlar Talonun ölkəni idarə etməsindəki çatışmazlıqları əsas səbəb kimi göstəriblər.


Hadisə Qərbi Afrikada son illər artan hərbi çevrilişlər fonunda baş verib. 2026-cı ildə vəzifədən gedəcək Talon 2016-cı ildən hakimiyyətdədir və üçüncü müddətə namizəd olmayacağını bəyan edib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et