Fələstinin işğal altındakı İordan çayının Qərb sahilində yerləşən Betlehemdə Milad bayramı ilə bağlı ictimai tədbirlər iki illik fasilədən sonra yenidən bərpa olunub. Qəzza müharibəsinin davam etdiyi iki il ərzində şəhərdə bütün kütləvi Milad mərasimləri ləğv edilib. Lakin bu il şəhərin əsas meydanında quraşdırılmış ənənəvi Milad ağacı yenidən işıqlandırılıb.
Tədbirdə Santanı təmsil edən könüllülər, yerli sakinlər və az sayda ziyarətçi iştirak edib. Şəhər rəhbərliyi bildirib ki, hər nə qədər tədbirlər əvvəlki illərlə müqayisədə daha sadə şəkildə keçirilsə də, bu addım həm yerli icmaya həm də bütün bölgəyə ümid mesajı vermək məqsədi daşıyır.
Betlehem xristian aləmi üçün xüsusi önəm daşıyır, çünki xristian inanclarına görə, İsa Məsihin məhz burada dünyaya gəldiyi hesab olunur. Buna görə şəhərdə Milad mərasimləri hər il böyük rəmzi əhəmiyyət kəsb edir.
Şəhər sakinləri bildiriblər ki, ağacın yenidən işıqlandırılması uzun müddətdir davam edən gərginlik və humanitar böhran fonunda insanlara müəyyən mənada ruh yüksəkliyi və bayram ab-havası bəxş edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
