Dünya memarlığının ən tanınmış simalarından biri olan Frenk Qeri 96 yaşında dünyasını dəyişib. Avanqard üslubu və qeyri-adi memarlıq yanaşması ilə seçilən Qeri yaradıcılığı boyunca ənənəvi memarlıq normalarını kökündən dəyişib.

Onun ən böyük uğurlarından biri 1997-ci ildə açılan Bilbao Guggenheim Muzeyi olub. Titandan hazırlanmış və heykəltəraşlıq formasını xatırladan bu bina həm Qerini beynəlxalq şöhrətə qovuşdurub, həm də “Bilbao effekti” adlandırılan şəhər inkişafı nümunəsini yaradıb.
Qeri karyerası boyunca dəmir, polad, şüşə və qeyri-adi materialları birləşdirərək cəsarətli formalar yaratması ilə tanınıb. Onun Los-Ancelesdəki Walt Disney konsert zalı, Praqadakı “Rəqs edən ev” və Parisdəki Louis Vuitton Fondu memarlıq dünyasının simvolik layihələri hesab olunur.
Memara müxtəlif şəhərlərdən və tanınmış şəxslərdən başsağlığı mesajları gəlib. Tənqidçilər və həmkarları Qerini sərhədləri aşan, texnologiyanı sənətlə birləşdirən və memarlığa yeni nəfəs gətirən yaradıcı şəxsiyyət kimi xatırlayıb.
Qerinin ruhu onun inşa etdiyi ikonik binalarla yaşayacaq - yaradıcılığı gələcək memar nəsilləri üçün ilham mənbəyi olaraq qalacaq.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
