Bu gün:

Norveçdə yeni strateji dəhliz


Norveç dünyanın ən uzun və ən dərin sualtı avtomobil tunelinin inşasına başlayıb. Layihə dənizin altında 260 metrdən çox dərinlikdə həyata keçirilir və tamamlandıqdan sonra Stavanger–Bergen marşrutunda fasiləsiz quru yolu əlaqəsi yaradacaq.

E39 magistral yolunun tərkib hissəsi olan Roqfast tunelinin ümumi uzunluğu 26,7 kilometr olacaq. Tunelin maksimum dərinliyinin isə 390 metrə çatacağı bildirilir. Layihə istifadəyə verildikdən sonra regiondakı səyahət müddətini təxminən 40 dəqiqə azaldacaq və Qərbi Norveçin iri şəhərləri arasında yeni strateji dəhliz yaradacaq.

Tikinti işlərinə ilk olaraq 2018-ci ildə başlanılıb, lakin artan xərclərə görə layihə müvəqqəti dayandırılıb. 2021-ci ilin sonunda yenidən aktivləşdirilən layihənin ümumi büdcəsinin 2,5 milyard dollara yaxın olacağı gözlənilir. Tunelin 2033-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Tunelin orta hissəsində 260 metr dərinlikdə böyük yeraltı yol qovşağı inşa olunacaq və bu qovşaq Kvitsöy adasına çıxışı təmin edəcək. Layihəyə əlavə olaraq təcili keçidlər və mərkəzi təhlükəsizlik dəhlizi də daxildir.

Mühəndislər qazıntı prosesində hər iki ucdan aparılan işlərin millimetr dəqiqliyi ilə üst-üstə düşməsi üçün lazer skanerlərindən istifadə edirlər. Bu qədər dəqiqlik tələb edən Roqfast dünyanın ən qabaqcıl tunel layihələrindən biri kimi qiymətləndirir.

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et