Bu gün:

İndoneziyada daşqın qurbanlarının sayı 700-ü keçib


İndoneziyanın Sumatra adasında güclü musson yağışları və tropik siklonların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 708-ə yüksəlib, bir milyon insan təhlükəli zonalardan köçürülüb.

İndoneziyanın Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı çərşənbə axşamı 708-ə yüksəlib, 504 nəfər isə itkin düşüb.


Bu göstəricinin agentliyin bazar ertəsi açıqladığı 604 nəfərlik rəqəmdən kəskin şəkildə artdığını üzə çıxarıb.


Güclü musson yağışları və tropik siklonlar bu həftə İndoneziya, Şri Lanka və Taylandın cənubu da daxil olmaqla Asiyanın geniş bölgələrinə zərər vurub, region üzrə 1.300-dən çox insan həlak olub, infrastruktur dağılıb və şəhərlər su altında qalıb.


Təkcə İndoneziyada 3.2 milyon insan təsirlənib və 2.600 nəfər yaralanıb. Yüksək riskli ərazilərdən 1 milyon insan təxliyə edilib. Daha əvvəl 753 nəfərin öldüyü bildirilib, lakin bu rəqəm çərşənbə axşamı axşam saatlarında 708-ə endirilib.


Xilasetmə qrupları və yardım təşkilatları sağ qalanlara çatmağa çalışıb, lakin bağlanmış yollar və dağılan körpülər buna mane olub. BMT Uşaq Fondundan (UNICEF) verilən məlumata görə, Şimali Sumatra bölgəsindəki Tapanuli Tenga və Açe vilayətinin Aqam rayonuna yol ilə çatmaq mümkün olmayıb.


Açe vilayətində - ən çox zərər görən bölgələrdən birində bazarlarda düyü, tərəvəz və digər əsas ərzaqlar tükənib, qiymətlər üçqat artıb. “İslamic Relief” təşkilatı 12 ton təcili ərzaq yardımı göndərib. Təşkilatın bəyanatına görə, “Açe boyunca icmalar ərzaq qıtlığı və aclıq riski ilə üz-üzə qalıb, əgər təchizat xətləri növbəti yeddi gün ərzində bərpa olunmasa bu davam edəcək”.


İndoneziya hökuməti bazar ertəsi Açe, Şimali Sumatra və Qərbi Sumatra vilayətlərinə 34.000 ton düyü və 6.8 milyon litr duru yağ göndərdiyini bildirib.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bölgəyə sürətli cavab qrupları və kritik tibbi ləvazimatlar göndərib, həmçinin xəstəliklərə nəzarəti gücləndirib. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə jurnalistlərə bildirib ki, bu hadisə “iqlim dəyişikliyinin daha tez-tez və daha güclü hava hadisələrinə səbəb olduğuna daha bir nümunədir”.


Hadisədən xilas olanların çoxu təxliyə mərkəzlərində qalır və güclü su axınlarının qəfil gəlib kəndləri necə batırdığını təsvir edib. İslam internat məktəbinin 17 yaşlı tələbəsi Qahitса Zahira Cahyani deyib: “Biz o gecə sağ qalacağımızı düşünmürdük, çünki hər şey çox xaotik idi. Hamı özünü xilas etməyə çalışırdı. Su gəlməzdən əvvəl heç bir xəbərdarlıq edilməyib”. Məktəbin yüzlərlə tələbəsi gecə vaxtı qaçaraq sığınmağa çalışıb, bəziləri ağaclara və məscidin damına dırmaşıblar.


Mövsümün mussonları adətən güclü yağışlar gətirərək torpaq sürüşmələri və daşqınlara səbəb olub, lakin bu il yağıntılar Malakka boğazında yaranmış nadir tropik tufan ilə daha da şiddətlənib, bu da Sumatra və Taylandın cənubunda böyük dağıntılara səbəb olub. Taylandda isə 181 nəfər ölüb.


Şri Lankada Ditvah siklonu tufanı fəlakətli daşqınlar və torpaq sürüşmələri törədib. Nəticədə, 410 nəfər ölüb, 336 nəfər itkin düşüb.


Prezident Anura Kumara Dissanayakenin sözlərinə görə, ölkə “tariximizdə ən çətin təbii fəlakət” ilə mübarizə apardığı üçün fövqəladə vəziyyət elan edilib.


Ölkə üzrə yağışlar səngisə də, mərkəzi bölgənin böyük hissəsində torpaq sürüşməsi xəbərdarlıqları qüvvədə qalıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov


Paylaş
Şərh əlavə et