Bu gün:

İtaliyada Pavarotti heykəli buz meydançasında qalması narazılıq yaradıb


İtaliyada opera ulduzu Luçano Pavarottinin heykəlinin Milad üçün qurulan buz meydançasının içində “dizə qədər donması” ölkədə narazılıq yaradıb. Pesaro şəhərinin meri Pavarottinin ailəsindən üzr istəyib.

Mərhum sənətkarın həyat yoldaşı Nikoletto Mantovani yerli mediaya bildirib ki, bu qərar onu “hirsli və məyus” edib və o, bunu ərinin xatirəsinin “təhrif olunması” kimi qiymətləndirib.

Şəhərin mərkəzi meydanında qurulan müvəqqəti buz meydançası nəticəsində Pavarottinin heykəli buzun içində dizə qədər qalıb və plastik divarlarla əhatələnib.

Mer Andrea Byankani heç kəsi incitmək istəmədiyini deyərək, bələdiyyənin “səhvə yol verdiyini” etiraf edib.

Meydan açılmadan əvvəl mer sosial şəbəkədə heykəlin xokkey oynadığı montaj edilmiş şəkli paylaşmış və #DaiUnCinqueAPavarotti (“Pavarottiyə beşlik ver”) həştəqindən istifadə etmişdi.

Nikoletto Mantovani isə bəyan edib: “İtaliyanın adını dünyada ucaldan bir insanın xatirəsinə belə davranılacağına inanmazdım”. O, bu addımı “pis planlaşdırılmış, absurd qərar” adlandırıb.

Pavarottinin həyati ölçülü bürünc heykəli 2024-cü ilin aprelində Pesaro şəhərində ailə üzvlərinin iştirakı ilə açılmışdı. Sənətkarın tez-tez istirahət etdiyi bu şəhərdə onun villası olub və o, Pesaronun fəxri vətəndaşı sayılırdı.

“Pavarotti on Ice” adlandırılan bu hadisə ilə bağlı mer bildirib ki, layihə ona təqdim ediləndə heykələ toxunulmayacağına söz verilmişdi. Lakin dizaynerlər sonradan meydançanın quruluşunu dəyişmək məcburiyyətində qalıblar. Mer hazır mərhələdə nə buz meydançasının sökülə biləcəyini, nə də heykəlin köçürülə biləcəyini deyib, amma “bir daha belə halın baş verməyəcəyinə” söz verib.

Luçano Pavarotti dünyanın ən məşhur tenorlarından biri kimi tanınır. Onun “Üç Tenor” konsertləri və 1990-cı il futbol üzrə dünya çempionatında ifa etdiyi “Nessun Dorma” xüsusilə məşhur olub.

Sənətkarın son çıxışı 2006-cı ilin Qış Olimpiya oyunlarının açılış mərasimində baş tutub. O, 2007-ci ildə 71 yaşında pankreas xərçəngi səbəbilə dünyasını dəyişib. Pavarotti iki evlilikdən dörd qız övladı qoyub. Mantovani onun ikinci həyat yoldaşı idi və 2020-ci ildə yenidən ailə qurub.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et