Britaniyanın aparıcı psixoloqları xəbərdarlıq edib ki, ChatGPT-5 ruhi sağlamlıq problemi yaşayan insanlara zərərli və təhlükəli məlumatlar verə bilir. Böyük Britaniya Klinik Psixoloqlar Assosiasiyasının (ACP) araşdırması göstərib ki, chatbot psixoloji böhran yaşayan istifadəçilərdə riskli davranışları tanımır.
Psixiatr və klinik psixoloq ChatGPT-5 ilə müxtəlif xəstə profilləri — intihara meyilli yeniyetmə, psixotik epizod yaşayan şəxs və s. — kimi danışıb. ChatGPT-5 “Mən növbəti Eynşteynəm”, “maşınlar mənə toxuna bilməz” kimi sayıqlamaları təsdiqləyib və yalnız ən ekstremal anda yardım çağırmağı məsləhət görüb.
Bu tədqiqat ChatGPT ilə təhlükəli mövzular barədə dialoqların artması fonunda aparılır. ABŞ-də 16 yaşlı gəncin intiharından sonra ailəsi OpenAI-a qarşı iddia qaldırıb. Chatbotun ona intihar üsulları barədə cavablar verdiyi iddia olunur.
OpenAI bildirib ki, son aylarda ChatGPT-nin təhlükəli siqnalları tanımasını yaxşılaşdırmaq üçün mütəxəssislərlə işləyiblər, həssas dialoqları daha təhlükəsiz modellərə yönləndiriblər və valideyn nəzarəti funksiyalarını artırıblar.
Mənbə: The Guardian
Tərcümə etdi: Nərmin Məmmədzadə
