Bu gün:

“Zəhərlənmənin əsas sıralamasında birinci yerdə dərman zəhərlənmələridir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı Toksikokogiya şöbəsinin həkimi Azər Maqsudovdur. O, bu il ən çox zəhərlənmələrin nədən olduğu haqqında danışıb. 

-Kliniki Tibbi Mərkəzin mütəxəssisləri nə tövsiyə edir ki, yay aylarında zəhərlənmələr olmasın?

-Kliniki Tibbi Mərkəzdə bu ilin əvvəlindən indiyə kimi zəhərlənmələrin əsas sıralamasında birinci yerdə dərman zəhərlənmələridir. İkinci yerdə dəm qazı, üçüncü sirkə turşusu, növbəti yerlərdə isə mövsümlə əlaqəli olaraq ilan sancmaları və anafilaktik şokdur. Əsas tövsiyələr odur ki, dəm qazıyla əlaqədar olaraq sanitar qaydalara əməl etmək, nəfəsliyi açıq saxlamaq lazımdır. Dəm qazından zəhərlənmə zamanı nəfəs darlığı, sürətli ürək döyünməsi, başgicəllənmə ilə müşahidə olunur. Bu hallar baş verdikdə hadisə yerindən uzaqlaşmaq və təmiz hava qəbul etmək lazımdır. İlk tibbi yardım çox önəmlidir. Sonra isə təcili tibbi yardıma və ya həkimə müraciət etmək lazimdır. Digər zəhərlənmələr zamanı da həkim müayinəsi mütləqdir.

24media.az xatırladır ki, ilin ilk 6 ayı ərzində zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 4585 müraciət daxil olub. İyun ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 105-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olunan xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib. Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib.  Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et