Bu gün:

“Cloudflare”də nasazlıq internetin çökməsinə səbəb olub


Milyonlarla vebsaytı qoruyan ABŞ şirkəti “Cloudflare”də (veb saytların təhlükəsizliyini və sürətini artıran xidmət)  yaranan böyük nasazlıq dünya üzrə internet xidmətlərinin işləməsində ciddi çətinliklər yaradıb.

Çərşənbə axşamı internetin əsas infrastruktur elementlərindən biri olan "Cloudflare" qlobal nasazlıqla üzləşib və bu, müxtəlif saytların istifadəçilərə xəta mesajları göstərməsinə səbəb olub. Milyonlarla vebsaytı kiberhücumlardan qoruyan şirkətdə yaranmış naməlum problem bir çox istifadəçinin bəzi xidmətlərə çıxışını məhdudlaşdırıb.


Bəzi sayt sahibləri öz performans panelinə daxil ola bilməyib. DaunDetektor məlumatlarına görə, “Cloudflare”lə eyni vaxtda İks və AçıqAİ kimi platformalarda da kəsintilər artıb.


Şirkət 12:21 GMT etibarilə xidmətlərin bərpa olunmağa başladığını açıqlayıb, lakin müştərilərin hələ də normadan yüksək xəta səviyyəsi görə biləcəyini bildirib. Daha sonra yayılan məlumatda problemin araşdırılmasının davam etdiyi qeyd olunub.


“Cloudflare” sözçüsü bildirib ki, saat 11:20-dən etibarən şirkətin xidmətlərindən birinə qeyri-adi yüksək istifadəçi axını daxil olub və bu, şəbəkədən keçən bəzi məlumatların xətalar verməsinə səbəb olub. Əksər xidmətlərin normal işləməsinə baxmayaraq, bir neçə əsas xidmətdə xəta səviyyəsi artıb. İstifadəçi axını sabitləşdikdən sonra şirkət anomaliya yaradan səbəbi araşdıracağını vurğulayıb.


Problemi aradan qaldırmaq üçün “Cloudflare” London bölgəsində Varp adlı şifrələmə xidmətini müvəqqəti deaktiv edib və bu səbəbdən istifadəçilər internetə qoşularkən çətinliklərlə üzləşib.


Kibertəhlükəsizlik üzrə mütəxəssis Prof. Alan Vudvard “Cloudflare”i “adını az adamın bildiyi, amma internetin ən böyük şirkətlərindən biri” kimi xarakterizə edib və onun saytları DDoS hücumlarından qorumaq, istifadəçi axınını izləmək kimi vacib rollar daşıdığını bildirib.


O qeyd edib ki, belə kəsintilər internet infrastrukturunun çox az sayda şirkətə bağlı olduğunu göstərib. İlkin ehtimallara görə, hadisənin kiberhücum nəticəsində baş verməsi inandırıcı görünməyib və səbəbin başqa texniki amillərlə bağlı olması ehtimal olunub.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et