Bu gün:

Hans Aspergerin qaranlıq mirası


2015-ci ildə yazıçı Alice Jolly “Dr Hans Asperger” haqqında roman yazmağa qərar verəndə qarşısında ziddiyyətlərlə dolu bir portret var idi. Bir tərəfdə onu şəfqətli və uzaqgörən pediatr kimi təqdim edən Steve Silberman, digər tərəfdə isə John Donvan və Caren Zuckerin təsvir etdiyi, “Hitler” rejimi ilə əməkdaşlıqda ittiham olunan həkim.

Asperger müharibə zamanı yazdığı tezislə autizm spektr pozuntusunu ilk dəfə sistemli şəkildə xarakterizə edib, işi isə onilliklər sonra “Dr Lorna Wing” tərəfindən yenidən üzə çıxarılıb. O dövrün Vyana Uşaq Xəstəxanasında aparılan işlər dövründən çox irəli idi: hər bir uşaq unikal qəbul edilir, diaqnozdan çox fərdi qayğı və təhsil metodlarının tapılmasına üstünlük verilirdi.

Amma araşdırmalar onu başqa bir həqiqətlə üz-üzə qoyur. Vyana Universitetindən tarixçi Herwig Czech Aspergerin “Am Spiegelgrund” adlı ölüm düşərgəsinə uşaq göndərən sənədlərə imza atdığını və bunun faktiki olaraq ölüm hökmü olduğunu bildiyini sübut edir. Bu tapıntılar sosial mediada qarışıq reaksiyalar yaradıb. Bir çoxları onu tamamilə “qəhrəman”, digərləri “nasist” kimi damğalayırdı.

Romanın yazıçısı Jolly isə bu qaranlıq və ziddiyyətli tarixdə daha vacib bir sualı görürdü:

Niyə bu qədər insanın bilməyinə baxmayaraq heç nə etməyib?

Onun fikrincə, məhz ədəbiyyat xüsusilə bədii nəsr qəhrəmanlıq və xəyanət ikiliyindən kənara çıxaraq insan təbiətinin ən çətin suallarını cavablandırmağa imkan verir. Beləcə, Jolly öz romanında hadisələri xəstəxanada yaşayan uydurma bir qız - Adelheid Brunner vasitəsilə təsvir edərək faktların sərtliyini insan baxışı ilə birləşdirir.

Aspergerin işi müasir tibbdə iz qoymağa davam etsə də, onun irsi bu gün həm elmi yenilik, həm də etik qaranlıq arasında qalan mürəkkəb bir hekayə kimi qalır.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et