Bu gün:

“Kiçik qazanclar üçün böyük risklər”


“İncəsənətin inciləri” rubrikası bu dəfə insanın yaşamaq əzminin ən kəskin anlarından birini təqdim edir. Bir uşağın yalın ayaqları ilə qayalara sarılaraq bir neçə yumurta uğrunda həyatı naminə göstərdiyi səbr və cəhd yoxsulluğun insanı fədakarlıqlara məcbur etdiyini göstərir. XIX əsrin susqun yoxsulluğu bu rəsm çərçivəsində səslənir. Bəs insanı uçuruma aparan nədir? Cavab bu əsərin içində gizlidir.

1878-ci ildə çəkilmiş “Kiçik qazanclar üçün böyük risklər” əsəri amerikalı rəssam Con Corc Braunun yoxsulluq və yaşamaq uğrunda mübarizə mövzusundakı güclü işlərindən biridir. İngiltərədə doğulan və sonradan ABŞ-də sənətini formalaşdıran Braun daha çox küçə uşaqları və az gəlirli təbəqələrin həyatını sənətə gətirməsi ilə tanınır. 

Bu tablonun mərkəzində cılız bir uşaq dayanır, amma onun mövqeyi bəlkə də böyüklərin belə cəsarət etmədiyi yerdir. Yalın ayaqları iti qayalarda, barmaqları daşların arasına sıxışmış halda, bir əli ilə sərt qayaya yapışır, o biri ilə bir az da yuxarı uzanır. Üzündə qərarlı, amma ehtiyatlı bir ifadə var: geri dönmək üçün çox irəli gedib, lakin əldə edəcəyi şey sadəcə bir neçə quş yumurtasıdır. Bu, həyat riski qarşılığında minimal qazanc deməkdir.

Bu səhnə həqiqətdə XIX əsr Amerika şəhərlərində uşaq əməyinin ən ağır dövrünü xatırladır. Sənaye inqilabının gətirdiyi var-dövlətin arxa fonunda minlərlə uşaq çörək pulu üçün təhlükəli işlərdə çalışırdı. Rəssam Con Corc Braun da məhz bu sosial reallığı sənətində əbədiləşdirənlərdəndir. Onun rəsmlərində küçə satıcıları, çəkməçilər, xəbər satan uşaqlar tez-tez görünür. Bu tablo isə həmin mövzunun ən dramatik bədii təcəssümüdür: uşaqlıq yox, mübarizə yaşanır.

Oğlanın davranışı qəhrəmanlıq jesti deyil və Braun bunu bilərəkdən romantikləşdirmir. Burada cəsarət macəradan yox, zərurətdən doğur. Hədəf adi və kiçikdir - yumurta. Lakin həmin yumurta bir ailənin bir günlük qidası, bəlkə də o gün ac qalınmaması deməkdir. Bu, kənardan kiçik görünən, amma yoxsulluğun reallığında əvəzsiz bir dəyərdir. Qərarlıq arzudan deyil, məcburiyyətdən doğur.

Fon detalları təsadüfi deyil. Geniş səma insan azadlığının simvoludur, amma oğlan üçün o azadlıq uzaqdır, o, qayaya bağlıdır. Aşağıda köpüklənən dəniz və uçan qağayılar dinamik gərginlik yaradır, sanki təbiət belə bu səhnənin şahididir. 

Bu əsərə baxanda biz yalnız bir oğlan fiqurunu görmürük. Biz bəşəriyyətin müxtəlif dövrlərində çətinlik içində böyüyən bütün uşaqların hekayəsini görürük. Uşaqlığın yerini məsuliyyətin aldığı, oyun yerinə mübarizənin gəldiyi həyatları. Baun bizi sentimental deyil, real bir həqiqətlə üz-üzə qoyur: bəzən ən böyük cəsarət sadəcə yaşamaq üçün göstərilən səssiz mübarizədir.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et