Bu gün:

Aqorafobiya nədir?


Aqorafobiya narahatlıq pozğunluğunun bir növüdür. Aqorafobiyası olan insanlar çaxnaşma, çaşqınlıq və çarəsizliyə səbəb ola biləcək yerlərdən qaçırlar. Eyni şəkildə, utanmaq qorxusu da bu pozğunluqda bir faktordur. Bu səbəblərdən belə insanlar avtobus, qatar, gəmi kimi nəqliyyat vasitələrinə minə bilmir, qapalı yerlərdə, açıq yerlərdə, izdihamda olmaqdan qorxurlar. Bu qorxu və narahatlıq onların özlərini təhlükəsiz hiss etdikləri yerlərdən başqa yerlərə getməsinə mane olur. Qorxular cəmiyyətə bir şəkildə qarışmağa məcbur olduqda daha da güclənir.

Aqorafobiya simptomları

Aqorafobiyası olan insanlar əvvəllər və daha əvvəl çox ziyarət edilməmiş izdihamlı yerlərə getdikdə özlərini təhlükəsiz hiss etmirlər. Aqorafobiyadan əziyyət çəkən insan çox vaxt belə yerlərə getməzdən əvvəl özünə yoldaş axtarır. Yanlarında dost və ya qohum olduqda özlərini daha təhlükəsiz hiss edirlər.

Ümumi agorafobiya simptomlarına aşağıdakılar daxildir: 

Evdən tək çıxa bilməmək, insanların çox olduğu yerlərdə dayanmamaq, heç bir növbəyə dura bilməmək, insanların toplaşdığı teatr, lift, kinoteatr, dükan kimi qapalı yerlərə daxil olmaqda çətinlik çəkmək və girərkən dayana bilməmək, alış-veriş mərkəzləri, avtobus dayanacaqları, meydanlar, küçələr, insanların çox olduğu açıq ərazilərə narahatlıqdan gedə bilməmək, avtobusda, qatarda, təyyarədə, ictimai nəqliyyatda olmaqdan narahat olmaq. 

Narahatlıq onların bu tip davranışlardan çəkinmələrinin əsasını təşkil edir. Belə mühitlərə girəndə qəfil bir hadisə baş verərsə, qaça bilməyəcəklərindən, kömək ala bilməyəcəklərindən narahat olurlar. Başqa bir narahatlıq sağlamlıq və utanc hissi ilə bağlıdır. Bu insanlar izdihamlı yerlərdə huşunu itirməkdən, gülüşə səbəb olacaq yıxılmalardan qorxa bilərlər. 

Digər tərəfdən onların narahatlığı və qorxuları vəziyyətlərinin yaratdığı risklərlə mütənasib deyil. Qorxduqları üçün ictimaiyyətə çıxa bilmirlər. Bu səbəbdən də ictimai münasibətlərində, iş həyatında, cəmiyyətə çıxmağı tələb edən həyatın bütün sahələrində görünməz olurlar. 6 aydan çox qorxu və çəkinmə müddəti aqorafobiya kimi qəbul edilir. 

Bəzi agorafobiya xəstələrində panik pozğunluğu aqorafobiyaya əlavə olunur. İnsan özünü idarə etməyi itirdiyini, infarkt keçirdiyini, öləcəyini düşünə bilər. Qorxu pik həddə olduğu üçün ürək döyüntüsü və yüksək təzyiq kimi dəyişikliklər də müşahidə olunur. Panik atak zamanı tənəffüs çətinliyi, döş qəfəsində təzyiq hissi və ağrı, üşümə, başgicəllənmə, həddindən artıq tərləmə, mədə ağrısı, ishal kimi problemlər yaşana bilər. Panik atak prosesi tez başlayır və bir neçə dəqiqə ərzində pik həddə çatır. 

Aqorafobiya səbəbləri

Aqorafobiyanın inkişafında insanın bioloji quruluşu, sağlamlıq vəziyyəti, genetik tarixçəsi və stress səviyyəsi rol oynaya bilər. Aqorafobiya adətən gec yeniyetməlik və ya yetkinlik dövründə, çox vaxt 35 yaşından əvvəl başlayır. Bununla belə, yaşlı yetkinlərdə və ya uşaqlarda da aqorafobiya inkişaf edə bilər. Qadınlar kişilərdən daha çox aqorafobiyadan əziyyət çəkirlər. 

Aqorafobiyaya səbəb ola biləcək risk faktorlarına aşağıdakılar daxildir:

Panik pozğunluğu və ya fobiya adlanan digər həddindən artıq qorxu reaksiyaları, kiçik ola biləcək panik ataklara çox qorxu və qaçma ilə reaksiya vermək. Sui-istifadə, sevilən birinin ölümü və ya hücuma məruz qalma kimi stresə səbəb ola biləcək hadisələri yaşamaq. Narahat və ya əsəbi şəxsiyyət quruluşu, yaxınlarında aqorafobiya aşkarlanması.

Aqorafobiya olan insanların çoxu bir və ya daha çox panik atak keçirdikdən sonra başqa bir narahatlıq keçirərək aqorafobiyanı inkişaf etdirir. Daha sonra bunun təkrarlana biləcəyi yerlərdən qaçırlar. Çaxnaşma pozğunluğu heç bir səbəb olmadan qısa, güclü qorxuya səbəb olur. Panik pozğunluğu olan insanların təxminən üçdə birində aqorafobiya inkişaf edir. Ancaq aqorafobiya tək baş verə bilər. 

Aqorafobiya diaqnozu

Əgər sizdə aqorafobiya olduğunu və narahatlığın gündəlik həyatınıza ciddi şəkildə təsir etdiyini düşünürsünüzsə, bir psixiatr və ya psixoloqdan kömək istəyə bilərsiniz. Sağlamlığınız evdən çıxıb həkimə getməyə mane olarsa, ilk mərhələdə telefon və ya video zəng üsulları ilə onlarla əlaqə saxlaya bilərsiniz. 

Həkiminizin diaqnoz qoymaq üçün sizdən soruşa biləcəyi mümkün suallara aşağıdakılar daxildir:

Evdən çıxarkən stress keçirirsiniz? Qorxduğunuz üçün qaçdığınız yerlər və ya vəziyyətlər varmı? Niyə bu hallar sizi narahat edir? Çölə çıxıb işləri görmək əvəzinə alış-veriş və ya digər sadə işlərdə başqalarından kömək istəyirsiniz? Bir tibb işçisi simptomlarınıza onların nə qədər tez-tez baş verdiyinə və nə qədər şiddətli olduğuna əsasən aqorafobiya diaqnozu qoyacaq. Ona görə də onunla açıq və dürüst olmaq vacibdir. Danışıqlardan sonra vəziyyətinizi qiymətləndirən həkiminiz sizə aqorafobiya diaqnozu qoya bilər. 


Aqorafobiya necə müalicə olunur?

Aqorafobiya müalicəsi insanın qorxu və qayğıları ilə balanslı şəkildə üzləşmə məntiqi ilə həyata keçirilir. Aqorafobiyanın müalicəsi davamlı müalicə üsullarının birləşməsini əhatə edir. Antidepresanlar tez-tez terapiyaya əlavə olunur. Seanslarda siz və terapevtiniz sizi narahat edən düşüncələri tanımağa başlayırsınız. Növbəti addımda siz bu narahatlıq mənbələrinə daha real reaksiya verməyin yollarını öyrənirsiniz. Bu prosesin sonunda insan sıxlıq yaradan yerlərə getmə tərəddüdlərindən xilas olur, stressi idarə etməyi öyrənir və şüurunu inkişaf etdirir. Beləliklə, girməsi çətin olan mühitlərə daha asan uyğunlaşır. Bütün bunlara əlavə olaraq insanın edəcəyi bəzi həyat tərzi dəyişiklikləri də sağalma prosesinə dəstək olur. Bu həyat tərzi dəyişikliklərinə aşağıdakılar daxildir:

Alkoqol, kofein istifadə etməmək, sağlam, balanslı qidalanma, daimi məşq və ya idman, hobbi, nəfəs alma məşqləri. 

Unutma, müalicə olunmayan aqorafobiya ağırlaşdıqda hətta evinizi tərk edə bilməyəcəksiniz. Müalicə olmadan bəzi insanlar illərlə evdən çıxa bilmirlər. Bu sizdə baş verərsə, ailənizə, dostlarınıza baş çəkə, məktəbə və ya işə gedə, gündəlik işlərinizi görə bilməyəcəksiniz və onlara kömək etmək üçün başqalarından asılı olacaqsınız. Aqorafobiyadan qorunmağın dəqiq bir yolu yoxdur. Bununla belə qorxduğunuz vəziyyətlərdən qaçdığınız üçün narahatlıq artmağa meyllidir. Təhlükəsiz yerlərə getməklə bağlı yüngül qorxularınız varsa, cəhd edin və özünüzü təkrar-təkrar həmin yerlərə getməyə məcbur edin. Beləliklə, alışaraq belə yerlərdə özünüzü daha rahat hiss etməyə başlaya bilərsiniz. Bunu özünüz etmək çox çətindirsə, bir ailə üzvündən və ya dostunuzdan sizinlə gəlməsini xahiş edin. 

Aqorafobiya da səbəb ola bilər - depressiya, alkoqol və ya narkotik istifadəsi, intihar düşüncələri və davranışları. 

Mənbə: Acı badem hayat 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et