Bu gün:

Floridada 1 milyon dollar dəyərində qədim ispan xəzinəsi tapılıb


ABŞ-nin Florida ştatının sahillərində 1 milyon dollar (təxminən 740 min funt-sterlinq) dəyərində qədim ispan xəzinəsi aşkar edilib. Xəzinə “Xəzinə Sahili” adlanan ərazidə dalğıclar tərəfindən aparılan axtarışlar zamanı üzə çıxarılıb.

Tapıntıya 1 000-dən çox gümüş və qızıl sikkə daxildir. Tədqiqatçılara görə, bu sikkələr 1715-ci ildə İspaniyaya göndərilmək üçün Boliviya, Meksika və Perunun ispan koloniyalarında zərb olunub. Lakin həmin il baş verən güclü qasırğa nəticəsində sikkələri daşıyan gəmi karvanı batıb və xəzinə dənizin dibinə yayılıb.

Bu bölgədə əvvəllər də oxşar tapıntılar edilib. Son illərdə dəmir axtarıcıları və xəzinə ovçuları milyonlarla dollar dəyərində qızıl sikkələr tapıblar. Xüsusilə bu dəfəki tapıntını fərqləndirən cəhət odur ki, bəzi sikkələrin üzərindəki tarix və zərbxana nişanları hələ də aydın görünür. Bu isə tarixçilər üçün son dərəcə qiymətli məlumat mənbəyi sayılır.

Xəzinəni tapan "Queen Jewelz" şirkətinin nümayəndəsi Sal Quttoso bildirib: “Bu kəşf yalnız xəzinə ilə bağlı deyil, həm də onun danışdığı hekayələrlə bağlıdır. Hər bir sikkə İspan imperiyasının Qızıl Dövründə yaşamış insanların həyatına açılan bir pəncərədir. 1 000 belə sikkəni bir yerdə tapmaq həm nadir, həm də qeyri-adi hadisədir”.

Florida qanunvericiliyinə əsasən, tapılan “xəzinələr” dövlətə məxsusdur. Lakin bərpa xidmətləri göstərən şirkətlərə bəzən axtarış və çıxarma icazəsi verilir. Bundan əlavə tapılan tarixi əşyaların 20%-i dövlət mülkiyyətində qalmalı, elmi tədqiqatlar və ya sərgilərdə nümayiş üçün saxlanılmalıdır.


Mənbə: SKY news

Tərcümə etdi: Aydan Xudayarova



Paylaş
Şərh əlavə et