Bu gün:

Peyklərin kəşfiyyat məqsədilə istifadə olunması



1957-ci ilin oktyabrında SSRİ "Sputnik" adlı ilk peykini kosmosa göndərdi. O vaxtdan bəri minlərlə peyk Yer orbitinə buraxıldı, lakin biz "kəşfiyyat peykləri" kimi adlandırılan casus peyklər haqqında çox şeyi bilmirik. Onların texniki imkanları çox vaxt açıqlanmır, çünki missiyaları məxfi hesab olunur. Amma biz bilirik ki, 1960-cı illərdən bəri yüzlərlə casus peyk səmaya buraxılıb.

Bu peyklərdən həm hərbi, həm də kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər. Onlar qoşunların hərəkətini aşkar etmək, nüvə silahlarını işə salmaq  və radio siqnallarına nəzarət etmək, atılan raketləri aşkar etmək, dəqiq yer məlumatı vermək kimi vəzifələri yerinə yetirə bilərlər. 

Yer səthindən kifayət qədər yüksəkdə uçan bu “gözlər” ən vacib varlığı olan kameraları ilə yeri skan edə bilir. Bu peyklərin, hətta cəmi 10 sm enində olan obyektləri görə bildiyi təxmin edilir. Bu da müəyyən kütlə içərisindəki insanları fərqləndirmək üçün kifayət edir. Bu kameralar smartfonunuzla eyni texnologiyadan istifadə edir: "CCD" adlı sensor işığı elektrik siqnallarına çevirir. Şifrələnmiş məlumat Yerə göndərilənə qədər peykin daxili kompüterində saxlanılır. Peyklərin də enerji mənbəyinə ehtiyacı var. Onlar çox vaxt günəş və ya nüvə enerjisi ilə işləyirlər. 

Soyuq müharibə illərində Amerika Birləşmiş Ştatları Sovet İttifaqının nüvə hücumu ilə üz-üzə idi. ABŞ informasiya əldə etmək üçün təyyarələrdən və şarlardan istifadə edirdi, lakin "U-2" kəşfiyyat təyyarələrindən biri vurulduqdan sonra ölkə məlumat toplamaq üçün başqa yollar axtarmağa başladı. Bu məqsədlə kosmik əsaslı fotokəşfiyyat peykləri hazırlanmışdır. "Corona" adlı proqram Sovet İttifaqının Sputnik-i işə salmasından bir neçə ay sonra təsdiqləndi. Lakin bu ilkin kəşfiyyat peykləri indiki kəşfiyyat peyklərindən qat-qat primitiv idi. Çəkilən fotoşəkillər fotoplyonkaya yazılırdı. Peykdən Yerə atılan materiallar təxminən 4572 metr yüksəklikdə təyyarə vasitəsilə toplanırdı. İndiki peyklər illərlə orbitdə qala bilir. Lakin Corona peyklərinin ömrü peykdəki fotoplyonkanın miqdarı ilə məhdudlaşır. Onlar orbitdə yalnız bir neçə həftə qala bilirdilər. 

Corona proqramının qüvvədə olduğu 12 il ərzində 800.000-dən çox şəkil çəkilib. Bu fotoların hər biri bu layihədə iştirak edən şəxslər tərəfindən şəxsən araşdırılıb. Son illərdə Milli Kəşfiyyat İdarəsi (NRO) "Sentient" adlı kompleks layihə üzərində işləyir. Sentient-i hər şeyi görə bilən süni intellektli casus sistemi ilə müqayisə etmək mümkündür. Böyük həcmdə informasiyanı emal edərək və onu peyk məlumatları ilə birləşdirərək proqram yer üzündə baş verənləri anlayır və real vaxt rejimində reaksiya verə bilir. Bununla belə, proqramın təfərrüatları gizli saxlandığından, yəqin ki, biz onun əsl imkanlarını heç vaxt bilməyəcəyik.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et