İspaniyanın İbiza adasında nadir möcüzə - 2000 illik taxta Herakl heykəli aşkar edilib. Arxeoloqlar bunu bölgədə indiyədək rast gəlinmiş ən qeyri-adi və təbii möcüzələrdən biri adlandırırlar. Roma dövründə oyulmuş bu heykəl təbiətin qəribə bir təsadüf sayəsində, demək olar ki, mükəmməl vəziyyətdə günümüzə qədər çatmağı bacarıb.

Tapıntı İsidor Makabiç prospekti yaxınlığında yeni yaşayış tikintisi ilə əlaqədar aparılan qazıntılar zamanı aşkarlanıb. Arxeoloqlar müəyyən ediblər ki, bu heykəl əvvəllər Roma dövrünə aid taxıl anbarı, sonradan isə tullantı quyusuna çevrilmiş bir yerdə gizlənib.
Əsrlər boyu yeraltı sular həmin quyunu doldurub və oksigensiz, yəni anaerob mühit yaradıb. Oksigen olmadığından, adətən taxtanı çürüdən mikroorqanizmlər yaşaya bilməyib. Beləcə, zaman dayanıb, Heraklın taxta bədəni iki min il boyu toxunulmadan qorunub qalıb.
Mənbə: Greek Reporter
Tərcümə etdi: Emiliya Vəlicanova
