Bu gün:

COP30: Dünya iqlim böhranına qarşı həlledici mərhələyə qədəm qoyur


2025-ci ilin 10–21 noyabr tarixlərində Braziliyanın Amazon bölgəsində yerləşən Belém şəhəri növbəti BMT İqlim Dəyişikliyi Konfransına – COP30-a ev sahibliyi edəcək. Dünyanın 190-dan çox ölkəsindən nümayəndələrin qatılacağı tədbir iqlim böhranına qarşı mübarizədə həlledici mərhələ sayılır.

Konfransın əsas məqsədi 2015-ci ildə imzalanmış Paris Sazişinin öhdəliklərinin icrasını qiymətləndirmək və yeni qlobal hədəfləri müəyyənləşdirməkdir. COP30-da enerji keçidi, meşələrin qorunması, nəqliyyatda karbon emissiyasının azaldılması və iqlim maliyyələşməsi kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
Amazon meşələrinin yerləşdiyi Belém şəhərinin seçilməsi təsadüfi deyil. Bu addım dünyanın “yaşıl ağciyəri” sayılan bölgənin qorunmasının vacibliyini bir daha gündəmə gətirir.
İqlim dəyişikliyinin artıq hiss olunan nəticələri: artan temperatur, su qıtlığı və təbii fəlakətlər təxirəsalınmaz addımlar tələb edir. COP30-da həmçinin inkişaf etməkdə olan ölkələrin texnologiya və maliyyə dəstəyi ilə təmin olunması məsələsi də ön planda olacaq.
Azərbaycan da iqlim proseslərinə qoşulmuş ölkələr sırasındadır. Son illərdə ölkədə bərpa olunan enerji layihələrinin artması və “yaşıl enerji zonası” təşəbbüsləri bu istiqamətdə mühüm addım kimi dəyərləndirilir.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et