24media.az-ın budəfəki müsahibi ekoloq Sevil Yüzbaşevadır. O, ətraf mühitin qorunması, çirklənmə problemləri və ekoloji məsuliyyət mövzularına toxunub.
- Son illərdə qlobal istiləşmənin sürətində hansı dəyişiklikləri müşahidə etmisiniz?

Qlobal istiləşmə sürətlənir və son onillikdə (2014–2024) rekord həddə çatıb. Xüsusilə 2025-ci ildə özünü daha güclü büruzə verib. O, Yer kürəsinin üzləşdiyi ən ciddi problemlərdən biridir. Elmi tədqiqatlar və beynəlxalq müşahidələr göstərir ki, son yüz ildə Yer səthinin orta temperaturu nəzərə çarpacaq dərəcədə artmışdır. Bu artım təbiət və insan fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazlarının miqdarının yüksəlməsi ilə sıx bağlıdır.
Qlobal istiləşmə həm ekoloji, həm sosial, həm də iqtisadi cəhətdən dərin və çox şaxəli təsirlərə malikdir. Atmosferdə karbon qazı, metan, azot oksidləri kimi istixana qazlarının artması nəticəsində planetimizdə istilik balansı pozulur. Qlobal istiləşmə buzlaqların əriməsinə, okean sularının artmasına və ərazilərini genişləndirməsinə səbəb olur, bu da dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Azərbaycanda da qlobal istiləşmənin təsiri açıq şəkildə hiss edilir. Xüsusilə son dövrlərdə havaların anormal dəyişməsi, yay aylarında yüksək temperatur, uzun sürən quraqlıq, sel və daşqın hadisələrinin artması kimi hallar müşahidə olunur. Kür və Araz kimi əsas çaylarda suyun səviyyəsinin aşağı düşməsi, göllərin və su anbarlarının quruması kənd təsərrüfatı, içməli su təminatı və enerji istehsalı üçün problemlər yaradır. Həmçinin müasir dövrdə ölkəmizdə səhralaşmaya məruz qalan ərazilərin potensial sahəsi 5 mln.ha-dan artıqdır.
Səhralaşma prosesinin yaranma səbəblərinə əkilən torpaqların sistemsiz suvarılıb becərilməsi, tuqay, tarla qoruyucu və yolkənarı meşə zolaqlarının məhvi və s. səbəb olur. Səhralaşmanın qarşısını almaq və ya onu zəiflətmək üçün su, külək irriqasiya eroziyasına və təkrar şorlaşmaya qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi zəruridir.
Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalmışdır. Azərbaycan hökuməti və müxtəlif təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma tədbirlərini gücləndirir, ətraf mühitin mühafizəsi üzrə layihələr həyata keçirir. Əhalinin maarifləndirilməsi və ekoloji təhsilin gücləndirilməsi də bu istiqamətdə mühüm addımlardandır.
- Çirklənmənin insan sağlamlığına və ekosistemlərə təsirlərini necə qiymətləndirirsiniz?
Ətraf mühitin çirklənməsi insan fəaliyyətləri nəticəsində təbiətin müxtəlif komponentlərinin zərərli maddələrin təsirinə məruz qalmasıdır. Bu maddələr hava, su və torpağa qarışaraq ekosistemlərə və canlılara zərər verir. Ətraf mühitin çirklənməsinin əsas səbəbləri sənaye fəaliyyəti, nəqliyyat vasitələrinin artması, kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsi, atılmayan tullantılar və qlobal istiləşmədir. Çirklənmiş hava, su və torpaq insanlarda bir çox ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu xəstəliklər arasında tənəffüs problemləri, ürək-damar xəstəlikləri, xərçəng və digər sağlamlıq problemləri yer alır. Çirklənmə ekosistemlərdəki balansı pozur, bioloji müxtəlifliyi azaldır, su canlılarını və torpaq bitkilərini zədələyir.
Ekosistemlərdə isə çirklənmə canlıların (bitkilərin və heyvanların) məhvinə, ozon qatının zədələnməsinə, istixana effekti və turşu yağışlarının yaranmasına səbəb olur. Çirklənmənin qarşısını almaq üçün, tullantıların düzgün şəkildə atılması, enerji qənaəti, ekoloji dostu nəqliyyat vasitələrinin istifadəsi və kimyəvi maddələrdən qaçınmaq kimi tədbirlər görülə bilər.
Azərbaycanda da çirklənmələr ciddi şəkildə özünü göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatlarında deyilir ki, təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşmüşdür. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas vəzifəsi insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Arzu Qafarova
