1966-cı ilin soyuq noyabr gecəsində Qərbi Virciniyanın Point Pleasant şəhəri yaxınlığında iki gənc cütlük qəribə və qorxunc bir mənzərə ilə üzləşib. Onların dediyinə görə, yolda gedərkən qanadlı, qırmızı gözlü bir məxluq avtomobillərinin arxasınca uçaraq onları təqib edib.
Hadisə həmin vaxt cəmiyyətdə böyük maraq və təşviş doğurub. Qısa müddət ərzində bu “qanadlı varlıq” hekayəsi bütün Amerikaya yayılıb və “Mothman” — yəni “Kəpənəkadam” adı ilə məşhurlaşıb.

Görənlərin iddiasına görə, məxluq insan boyda olub, nəhəng qanadlara və qaranlıqda parlayan qırmızı gözlərə malik olub. Bəziləri onu fövqəltəbii bir varlıq hesab edib, bəziləri isə onu hökumətin gizli təcrübələrinin nəticəsi kimi görüblər. Hətta bəzi şahidlər onun uçuş səsini belə “uğultu kimi” təsvir ediblər.
Bir il sonra — 1967-ci ilin dekabrında bölgədə yerləşən Silver Bridge adlı körpü qəfildən uçaraq 46 nəfərin həyatına son qoyub. Bu faciə insanların yaddaşında dərin iz buraxıb. Hadisədən sonra bir çox yerli sakin Mothman-ın görünməsini bu fəlakətin öncədən xəbərçisi kimi qəbul edib. Beləcə, Mothman sadəcə bir qorxu hekayəsi deyil, Amerika folklorunun simvollarından birinə çevrilib.
Aradan onilliklər keçsə də, Mothman haqqında hekayələr hələ də unudulmayıb. Əksinə, bu sirli varlıq indi qorxunun deyil, bayram və birliyin rəmzinə çevrilib. Hər il sentyabr ayında Point Pleasant şəhəri Mothman Festivalına ev sahibliyi edir. Küçələr musiqi səsləri ilə dolur, insanlar Mothman kostyumları geyinir, yerli yeməklərdən dadır və məşhur Mothman abidəsi önündə şəkil çəkdirirlər.
2002-ci ildə sadəcə bir neçə yerli həvəskarın təşəbbüsü ilə başlayan bu tədbir, indi artıq 20 mindən çox ziyarətçi cəlb edir. Festival şəhərin iqtisadiyyatına can verir, kiçik ailə bizneslərinə və yerli sənətkarlara yeni nəfəs qazandırır. Yerli sakinlər deyirlər ki, “Mothman olmasaydı, Point Pleasant sadəcə kiçik və sakit bir şəhər kimi qalardı. İndi isə hər kəs buraya gəlmək istəyir.”

Folklor mütəxəssisləri hesab edirlər ki, Mothman kimi əfsanələr insanların naməlumla üzləşmək və onu mənalandırmaq istəklərindən doğub. Onların fikrincə, belə hekayələr həm qorxu, həm də maraq hissini birləşdirərək insanlara böyük bir sirrin parçası olma duyğusu bəxş edib.
Bu gün Point Pleasant-da Mothman-ın izi hər yerdə olub — suvenirlərdə, kafelərin menyularında, hətta küçə divarlarında və bəlkə də, əfsanənin əsl sehri də elə bundadır: bir vaxtlar qorxu və müəmmayla başlayan hekayə, indi insanları bir araya gətirən bir ümid və mədəniyyət bayramına çevrilib.
Mənbə: NPR.org
Tərcümə etdi: Aydan Xudayarova
