Bu gün:

Həyatını hədər etməməyin yolu


“Qoy elə olmasın ki, mən boş yerə yaşamış olum”, - deyə danimarkalı astronom Tixo Braxe ölüm ayağında pıçıldayıb. 

O, bilmirdi ki, arxasında qoyduğu ulduz cədvəlləri bir gün Kepler üçün planetlərin hərəkət qanunlarına aparan qapı olacaq. Həyatı hədər keçməməyin ölçüsü arxada nə qoyduğumuzda deyil, necə yaşadığımızdadır: dürüstlüyün, səmimiyyətin, yaradıcılıq enerjisinin bu təkrarsız günlərə, saatlara necə hopduğundadır.

Bizlərin çoxu kainatın sirrini açan bir kəşf qoyub getməyəcəyik, amma unuduruq ki, nə qoyub getdiyimiz - bir qan xətti, bir möhtəşəm kitab, bir xəstəxana binası - nə olursa-olsun, həyatı bizə bağlayan tək məqam yaşadığımız andır. Şair Myuriyel Rukeyzer demişkən, məhz o anda biz “həyata və keçmişlə gələcəyin bütün enerjisinə toxunuruq”. Şair Mario Benedetti isə yazırdı ki, yalnız özümüzü qorumağı dayandırıb, varlığımızı xərcləməyə başladığımız zaman həqiqətən yaşayırıq.

Bütün Transsendentalistlər arasında ən çox gündəlik yazan Neitəniel Houtorn (4 iyul 1804 – 19 may 1864) bu sual üzərində uzun illər düşünüb. O, dəftərlərinin səhifələrində - “Qırmızı hərf” romanına çevriləcək ideyalar arasında, kiçik oğlunu böyütməkdən yazdığı zərif qeydlərin və təbiətdə etdiyi gəzintilərin təsvirləri arasında - bir fikirlə yenidən üz-üzə gəlirdi: elə yaşa ki, bir gün geri baxanda “həyatın boşa gedən günəşi üçün” peşmanlıq duymayasan. 

Mənbə: The Marginalian

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et