Bu gün:

Labubu oyuncağının satışları artıb


Labubu istehsalçısı Pop Mart şirkəti oyuncağın mini versiyasını təqdim etdikdən sonra satışların artdığını müşahidə edib.

Məşhur Labubu oyuncaqlarının istehsalçısı olan Çin şirkəti Pop Mart avqust ayında mini Labubu kolleksiyasını satışa çıxardıqdan sonra satışlarının kəskin şəkildə artdığını bildirib. Şirkətin qlobal gəliri ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 250% artıb. Artımın əsas hissəsi xarici bazarlardan gəlib. Amerikada satışlar 1.200%-dən, Avropada isə 700%-dən çox yüksəlib.Cümə axşamı Honq Konq birjasında Pop Mart-ın səhmləri 5,5%-dən çox bahalaşıb. 

“Gizli qutu” üsulu ilə satılan oyuncaqları ilə tanınan Pop Mart bu marketinq metoduna görə qumar asılılığına bənzər alış davranışını təşviq etdiyinə görə tənqid olunub.

Diqqətçəkən kəskin dişli, cırtdanabənzər Labubu fiqurları dünya üzrə kolleksiyaçılar arasında böyük maraq yaradıb. Oyuncaqların populyarlığına Kim Kardashian və Blackpink qrupundan Lisa kimi məşhurların dəstəyi, həmçinin Coca-Cola və One Piece kimi tanınmış brendlərlə əməkdaşlıqlar da təsir edib.
2019-cu ildə satışa çıxarılan Labubu oyuncaqları sayəsində Pop Mart qlobal səviyyədə 2.000-dən çox mağaza və satış avtomatı ilə böyük pərakəndə satış şirkətinə çevrilib. Şirkət 2020-ci ildə Honq Konq Birjasında listinqə daxil olub və o vaxtdan bəri səhmlərinin dəyəri 280%-dən çox artıb.

Bununla belə, JPMorgan kimi maliyyə qurumlarının şirkətin həddindən artıq dəyərləndirildiyi və oyuncaqların populyarlığının uzunmüddətli olmayacağı ilə bağlı xəbərdarlıqları səbəbilə Pop Martın səhmləri son həftələrdə müəyyən eniş yaşayıb.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC


Paylaş
Şərh əlavə et