Bu gün:

Avropa Birliyində “mərhələli üzvlük” müzakirəsi


Avropa Birliyi (AB) yeni üzvlərin ilk mərhələdə tam səsvermə və veto hüququ olmadan Birliyə qoşulması variantını nəzərdən keçirir.

AB mənbələrinin verdiyi məlumata görə, Macarıstanın vetosunu aşmaq və Ukraynanın üzvlük prosesində irəliləyiş əldə etmək üçün müxtəlif formullar müzakirə olunur.

Bu təkliflər arasında “qəbul ediləcək yeni üzvlərin ilk mərhələdə tam səsvermə və veto hüququ olmadan Birliyə qoşulması” ön plana çıxır.

Təklif 23 oktyabr tarixində keçiriləcək AB sammitində liderlərin müzakirəsinə çıxarılacaq. Lakin bu mərhələdə “tarixi” qərarın qəbul ediləcəyi gözlənilmir.

AB daxilində uzun müddətdir ki, qərarların qəbulunda yekdillik prinsipindən imtina edilərək ixtisaslaşdırılmış çoxluq prinsipi ilə qərar verilməsi barədə islahatlar müzakirə olunur.

Xüsusilə xarici siyasət və genişlənmə məsələlərində bir üzv ölkənin vetosunun prosesləri bloklaması AB-nin effektivliyini azaltdığı üçün tənqid edilir.

Bəzi üzv ölkələr veto hüququnun mərhələli şəkildə məhdudlaşdırılmasını və çoxluq səsverməsinin daha geniş sahələrdə tətbiqini dəstəkləyir. Lakin bu cür dəyişikliklər müqavilələrin yenilənməsini tələb etdiyindən bütün üzv ölkələrin razılığına bağlı qalır və proses yavaş irəliləyir.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et