ABŞ Prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftini almayacağını söylədiyini, əks halda Dehlinin yüksək tariflər ödəməyə davam edəcəyini bildirib.
Tramp bazar günü açıqlayıb ki, Modi Rusiya nefti ilə ticarəti dayandıracağına söz verib. “Modi ilə danışmışam və o, Rusiya nefti ilə məşğul olmayacağını deyib,” – Tramp Air Force One təyyarəsində jurnalistlərə bildirib.
Hindistan hökuməti isə belə bir danışıqdan xəbərsiz olduğunu açıqlayıb. Tramp cavab olaraq: “Əgər bunu demək istəsələr, onda tarifləri ödəməyə davam edəcəklər,” – deyib.
Rusiya nefti ABŞ–Hindistan ticarət münasibətlərində əsas mübahisə mövzusu olub. ABŞ hökuməti bildirib ki, Rusiya neftindən gələn gəlirlər Ukraynadakı müharibəni maliyyələşdirib.
Ağ Ev rəsmisi Hindistanın idxalı azaltdığını qeyd edib, lakin yerli mənbələr bunu təsdiqləməyib. Kpler şirkətinə görə, Hindistanın Rusiya nefti idxalı bu ay 20% artaraq gündə 1,9 milyon barrelə çatıb.
Mənbə: Reuters
Tərcümə etdi: Aylin Bayraməliyeva
