2025-ci il oktyabrın 19-da Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısında qlobal iqtisadiyyatın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Toplantıda əsas diqqət ABŞ və Çin arasında artmaqda olan ticarət gərginliklərinə yönəlib.
Məlumata görə, ABŞ hökuməti bir sıra strateji məhsullara — xüsusilə avtomobil və sənaye avadanlıqlarına — yeni tariflər tətbiq edib. Buna cavab olaraq Çin nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər qoyub. Ekspertlər hesab edirlər ki, bu addımlar beynəlxalq ticarət əlaqələrində gərginliyi artırmaqla yanaşı, qlobal istehsal zəncirlərinə də mənfi təsir göstərə bilər.
İqtisadçılar bildiriblər ki, iki ölkə arasındakı qarşılıqlı məhdudiyyətlər dünya bazarlarında qeyri-müəyyənliyi artırır və xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadi sabitliyini təhlükə altına sala bilər. Qeyd olunub ki, artan borc yükü, iqlim dəyişikliyi və qeyri-bank maliyyə sektorundakı risklər də dünya iqtisadiyyatının qarşısında duran əsas problemlər sırasındadır.
Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət “qlobal iqtisadi nizamın yeni mərhələsi”nin formalaşmasına səbəb ola bilər. ABŞ və Çin arasında ticarət siyasətindəki ziddiyyətlər yaxın aylarda da beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalacaq.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
