Bu gün:

Keçmişdən bu günə qədər istifadə olunan təqvim növləri


Əhəmiyyətli günləri, dini bayramları və ya tətil planlarını qurmağımıza imkan verən təqvim tarix boyu bir çox fərqli cəmiyyətlərin əsas tədqiqat mövzusu olmuşdur.  Ağıllı insanlar əvvəlcə gecə-gündüz dövrünün, daha sonra Ayın Yer ətrafında hərəkəti nəticəsində yaranan Ay dövrünün, fəsillərin və Yerin Günəş ətrafında dövr etməsinin fərqinə vardılar. Bəzi icmalar öz torpaqlarında sel və çay daşqınlarından qaçmaq üçün, bəziləri isə müntəzəm ibadət üçün təqvimə ehtiyac duyurdular. 

1. Misir təqvimi

Keçmişdən bu günə qədər ən çox təsirə malik və uzun müddət istifadə edilən təqvim növlərindən olan qədim Misir təqvimi eramızdan əvvəl 4500-cü illərdə qədim misirlilərin istifadə etdiyi təqvimdir. İlk vaxtlar bu təqvimdə 1 il 360 gündən ibarət idi. İl hər biri 30 gündən ibarət olan 12 aydan ibarət idi. Eramızdan əvvəl 3000-ci illərdə Birinci Xanədanlıq dövründə hər il sonuna daha 5 gün əlavə olunurdu. Beləliklə, bir il 365 gündən ibarət oldu. Misirli astronomlar müşahidə ediblər ki, Nil çayının illik daşqınları səhər səmasında günəş doğmadan əvvəl Sirius bürcünün ilk görünməsinə çox yaxın düşür.  Bu təqvim dörd ildən bir 1 gün dəyişirdi. Ancaq bu dəyişiklik heç bir problem yaratmırdı. Bir insan 60 yaşa qədər yaşasa belə, günəş ili ilə təqvim arasındakı keçid cəmi 15 gün idi. Bu təqvim günümüzdə Misirdə kənd təsərrüfatı məhsullarının becərilməsi və yığılması üçün istifadə olunur.

2. Maya təqvimi

Maya təqvimi keçmişdən bu günə qədər sirr olaraq qalan, Kolumbdan əvvəlki Mesoamerikanın Maya sivilizasiyasında və Qvatemala yaylasındakı bəzi müasir Maya icmalarında istifadə olunan təqvim növlərindən biridir. Üç fərqli təqvim sisteminin sintezindən meydana gəlib. Bunlar 260 günlük Tzolkin ritual təqvimi, 365 günlük Haab gündəlik təqvimi və təqvimin başlandığı gündən etibarən günləri sayan Uzun Sayım (Long Count) təqvimləridir. Onun mənşəyinin eramızdan əvvəl 3114-cü ilə aid olduğu güman edilir. Maya təqvimi adlandırılsa da, mayalılar tərəfindən kəşf edilməyib, sadəcə olaraq onlar tərəfindən təkmilləşdirilib. Tzolkin təqvimi ilə Haab təqvimi hər 52 ildən bir kəsişir. Tzolkin təqvimi müqəddəs hadisələr üçün istifadə olunur, Haab isə günəş ili ilə sinxronlaşdırılır. Bu təqvimə 20 gündən ibarət 18 ay daxildir və bu gün də bəzi Cənubi Amerika icmaları tərəfindən istifadə olunur.

3. Şumer təqvimi

Eramızdan əvvəl 3000-ci ildə kəşf edildiyi güman edilən Şumer və ya Babil təqvimi günəş və ayın dövrləri əsasında hazırlanmışdır.  Bu təqvimdə bir ili 29 və ya 30 gündən ibarət 12 aya bölürdülər. Aylar "birinci ay", "üçüncü ay" və s. bu kimi adlandırılırdı. Onlardan sonra gələn bir çox sivilizasiyalar bu təqvimi inkişaf etdirmiş və istifadə etmişlər. Babillilərin köməyi ilə aylara xüsusi adlar verilmişdir.

Mənbə: Dergice

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et