Bu gün:

Luvr muzeyi oğurluq hadisəsindən sonra bir günlük bağlanıb


Fransanın daxili işlər naziri Laurent Nünez bildirib ki, dünyanın ən çox ziyarət olunan muzeyi hesab edilən Parisdəki Luvr Muzeyi “qiymətsiz zinət əşyalarının oğurlanması” hadisəsindən sonra bazar günü bağlanıb.

Nazir France Inter radiosuna açıqlamasında deyib: “Bu səhər Apollo zalında böyük bir oğurluq baş verib. Şəxslər muzeyə kənardan, yük maşınının üzərinə quraşdırılmış xarici lift vasitəsilə daxil olublar”. Məlumata görə, oğurluq hadisəsi baş verən Apollo zalında Fransız kral ailəsinə məxsus qiymətli daş-qaşlar, o cümlədən XIV Lüdovikin qiymətli daşlardan ibarət qab kolleksiyası sərgilənirdi.

Hadisə Fransada və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub, muzeydə təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilib.

Nünez bildirib ki, oğrular pəncərələrdən birini açmaq üçün elektriklə işləyən daşkəsən alətdən istifadə ediblər və “emosional dəyəri olan, qiyməti ölçülməz” zinət əşyalarını oğurlayıblar. Onun sözlərinə görə, hadisədə üç və ya dörd nəfər iştirak edib. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada isə qeyd olunub ki, oğurlanan əşyaların ətraflı siyahısı hazırlanır.

Oğurluğun yerli saatla səhər saat 09:30 radələrində baş verdiyi, cəmi yeddi dəqiqə davam etdiyi və şübhəlilərin hadisə yerindən motosikletlərlə uzaqlaşdıqları iddia edilir.

Hadisə Parisdə böyük səs-küy doğurub və Fransa polisi Luvr Muzeyində baş verən bu cəsarətli oğurluğun iştirakçılarını tapmaq üçün genişmiqyaslı istintaqa başlayıb.

Polis rəsmisi Dati isə X (keçmiş Twitter) platformasında paylaşım edərək deyib: “Heç bir xəsarət qeydə alınmayıb. Hadisə yerindəyəm, muzey personalı və polis əməkdaşları ilə birlikdə iş aparırıq. İstintaq davam edir”.

Dünyaca məşhur sənət əsərlərinə, o cümlədən Leonardo da Vinçinin Mona Lisa əsərinə ev sahibliyi edən Luvr Muzeyinin “istisnai səbəblərdən” bağlı qalacağı bildirilib. Hadisə Fransada mədəniyyət ictimaiyyətində böyük narahatlıq yaradıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Mənbə: CNN

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et