Cadugərlərin tarixi çox qədimdir - onlar haqqında artıq qədim Yunanıstanda belə danışılıb. Homer və onun məşhur epik əsəri “Odisseya” sayəsində biz Kirke ilə tanış oluruq. O, çox vaxt Yunan mifologiyasında ilk cadugər kimi qəbul edilir.

Kirke kişilərin qarşısına çıxa biləcəyi ən təhlükəli qadınlardan biri olub. O, kişiləri cəzb etməsi, onları öz adasına çağırması və oradan heç vaxt buraxmaması ilə tanınıb.
Kişilər arzu və ehtiraslarına qapılıb onun adasına gəldikdə, Kirke onları qəfil yaxalayır, sehrli gücündən istifadə edərək onları donuzlara çevirir və bu alçaldıcı bədənlərdə həmişəlik tələyə salırdı.
Homerin “Odisseya”sında Kirke
Odisseya əsərində Homer danışır ki, Odissey və onun yoldaşları insan yeyən Lestrigonlar ölkəsindən sağ-salamat ayrıldıqdan sonra Kirkenin adası olan Eey adasına çatırlar. Odissey ekipajın yarısına sahilə çıxmağı əmr edir, özü isə qalanlarla birlikdə gəmilərdə qalır.
Kirke dənizçiləri şən ziyafətə dəvət edir, yeməkləri sehrli iksir ilə qarışdırır və sehrli çubuğu ilə onları donuzlara çevirir. Yalnız Eürilok bu tələdən qurtula bilir, çünki o, əvvəldən bir hiylə olduğunu hiss edirdi. O, dərhal gəmidə qalan Odisseyə və yoldaşlarına cadugərin hiyləsindən xəbər verir.
Odissey təkbaşına yoldaşlarını xilas etməyə yollanır. Plan qurduğu anda ona tanrılar elçisi Hermis görünür və Kirkənin sehrlərini necə dəf etməyin sirrini açır: Odissey içəcəyi şəraba “moli” adlı sehrli bitki əlavə etməlidir. Bu bitki onu hər cür sehrdən qoruyacaq.
Kirke Odisseyi heyvana çevirə bilməyəndə, o, Kirkeni məcbur edir ki, yoldaşlarını yenidən insan halına gətirsin. Daha sonra Kirke Odisseyə aşiq olur və o, yoldaşları ilə bir il adada qaldıqdan sonra, Kirke onların evə dönüş səfərində onlara kömək edir.
Mənbə: Greekreporter
Tərcümə etdi: Emiliya Vəlicanova
