Bu gün:

Niyə Kipr heyvanlara zülm edir?


Kiprdə yolda vurulmuş pişiyi görmədən getmək demək olar ki, mümkün deyil. Bu, artıq çoxları üçün mənzərənin adi hissəsinə çevrilib. Kəndlərdə tərk edilmiş itlərə, xüsusilə də keçmiş ov itlərinə tez-tez rast gəlinir. Niyə yerli sakinlər ev heyvanlarının taleyinə bu qədər biganədirlər?

Heyvanlara qarşı qəddarlıqla bağlı hekayələr tez-tez Kipr mediasında yer alır. Kimsə iti zibilə atır, kimsə ev heyvanını günəş altında maşında buraxır, kimsə eşşəkləri vurur. Polis zəif reaksiya verir, işlər nadir hallarda məhkəməyə çatır, cərimələr isə simvolik olur. Bir növ heyvanlara zorakılıq burada cinayət yox, adi bir hadisə kimi qəbul edilir.

Problemin kökləri dərindir. Bir neçə nəsil əvvəl kiprlilərin çoxu kəndlərdə yaşayırdı. Heyvanlar onlar üçün işçi qüvvəsi və ya qida mənbəyi idi: pişik siçan tuturdu, it həyəti qoruyurdu, eşşək yük daşıyırdı. Heyvan faydalı olduğu müddətcə ona baxılırdı, amma yaşlananda və ya xəstələnəndə sadəcə kənara atılır.

Şəhər həyatına keçid bir çox şeyi dəyişdi, amma tam yox. Xaricən Kipr Avropa ölkəsinə çevrilsə də, düşüncələrdə hələ də kənd adətləri qalır: insan mərkəzdədir, heyvan isə onun ehtiyacları üçün var. İnsanlar ev heyvanı saxlamağa başlayıblar, amma hər kəs bunun məsuliyyət olduğunu anlamır. Heyvan xəstələnəndə və ya problem yaratdıqda, ondan qurtulmaq hələ də ən asan yoldur.

Kiprlilər, ümumiyyətlə, mehriban və ailəcanlı insanlardır, amma empatiyalı münasibətləri çox vaxt yalnız insanlara yönəlir. Fayda verməyən bir heyvanın əzabını başa düşmək onlar üçün çətindir. Buna görə də yollarda vurulmuş pişiklərə və itlərə qarşı laqeydlik, bəzən isə qəsdən zərər vermə hallarına rast gəlinir.

Amma vəziyyət tədricən dəyişir. Ölkədə könüllülərin təşəbbüsü ilə çoxlu sığınacaqlar və heyvan qoruma təşkilatları fəaliyyət göstərir. Onlar heyvanları müalicə edir, sterilizasiya aparır, sahib axtarır və maarifləndirici işlər görürlər. Sosial şəbəkələrdə insanlar getdikcə daha çox qəddarlığı qınayır və polisdən tədbir görməsini tələb edirlər.

Bu, mədəni dəyişimin əlamətidir. Yeni nəsil kiprlilər üçün pişik dostdur, iti ovdan sonra atmaq yox, gəzdirmək normal sayılır. Yolda öldürülmüş heyvan görəndə artıq laqeydlik deyil, utanc hiss edirlər. Heyvanlara qarşı insani münasibətə aparan yol uzun olsa da, artıq başlayıb və bu, təkcə qanunlardan deyil, insanların həyatın hər formasının dəyərini dərk etməsindən asılıdır.

Mənbə: vkcyprus.com

Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et