Bu gün:

Təbiət bədəni və zehni sakitləşdirir


Parkda və ya meşədə gəzintidən sonra özünüzü daha rahat hiss etməyiniz təsəvvür deyil. Bu, biologiyanızdır. Araşdırmalar göstərir ki, açıq havada vaxt keçirmək stress hormonlarını azaldır, qan təzyiqini salır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Bu təsiri hiss etmək üçün cəmi 20 dəqiqə kifayətdir.

Oksford Universitetinin professoru Keti Uillis bildirir ki, təbiətdə olduqda ürək döyüntüsü yavaşlayır, qan təzyiqi azalır və bədəndə sakitlik yaranır. İngiltərədə 20 min nəfər üzərində aparılan tədqiqat da göstərib ki, həftədə ən azı 120 dəqiqə yaşıl məkanlarda vaxt keçirənlərin həm fiziki, həm də psixoloji sağlamlığı daha yaxşıdır.


Açıq hava hormonal tarazlığı da bərpa edir. Kortizol və adrenalin azalır, immun sistemini gücləndirən hüceyrələrin sayı artır. Mütəxəssislər bildirirlər ki, təbiətin qoxusu, məsələn, şam ağacının iyi cəmi bir neçə dəqiqəyə sakitləşdirici təsir göstərir. Təbiət həm də mikrobiomu gücləndirir. Torpaq və bitkilərdəki faydalı bakteriyalar immuniteti və əhval-ruhiyyəni yaxşılaşdırır.


Əgər meşəyə gedə bilmirsinizsə, evdə təbiət elementləri yaratmaq da mümkündür. Gül, efir yağı və ya sadəcə yaşıl mənzərəli şəkil belə stresi azalda bilər.

Mənbə: BBC News

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et