Braziliya yığması yoldaşlıq oyununda Cənubi Koreyanı Karlo Ançelottinin rəhbərliyi altında 5:0 hesabı ilə məğlub edib.
Oyun boyu üstünlük göstərən “sambaçılar”da Estevao və Rodriqo hərəyə iki qol vuraraq qarşılaşmanın əsas qəhrəmanlarına çevriliblər.
18 yaşlı vinger Estevao 13-cü dəqiqədə Bruno Quimaraeşin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb. Braziliya ilk hissənin sonlarında Rodriqonun gözəl zərbəsi ilə fərqi iki topa çatdırıb.
Fasilədən sonra Braziliya hücum tempini daha da artırıb. Estevao 47-ci dəqiqədə Kim Min-Ce-nin səhvindən yararlanaraq ikinci qolunu vurub. Az sonra Rodriqo Vinisius Juniorun başladığı sürətli əks-hücumu tamamlayaraq “dubl” edib. Qələbəyə son nöqtəni isə 77-ci dəqiqədə elə Vinisius Junior özü qoyub.
Bu nəticə baş məşqçi Karlo Ançelottinin hücumyönümlü taktikasının səmərəli olduğunu göstərib. İtaliyalı mütəxəssisin dörd hücumçu və iki yarımmüdafiəçidən ibarət “cəsarətli” sxemi yüksək pressinq və sürətli keçidlərlə rəqibi çətin vəziyyətə salıb.
Rodriqo oyundan sonra komandanın oyun fəlsəfəsini belə ifadə edib: “Hər kəs müdafiə edir, hər kəs kömək edir... yavaş-yavaş hücum işləməyə başlayır".
Braziliya 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu çərşənbə axşamı Yaponiya ilə keçirəcək.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
