Bir vaxtlar tısbağa supu, yumurtaları və qabıqları üçün çoxlu ovlanan bu qədim dəniz canlısının sayı sürətlə azalıb və 1980-ci illərdə “nəsli kəsilməkdə olan növlər” siyahısına salınıb.
Amma uzun illər davam edən beynəlxalq qoruma tədbirləri — yumurtaların və balaların qorunması, balıq torlarında tısbağaların tutulmasının azaldılması kimi səylər nəticəsində indi onların sayı artmağa başlayıb.
Malayziyadakı Dəniz Tədqiqatları Fondunun rəhbəri, doktor Nikola Pilçer deyib: “Bu uğuru digər müsbət nəticələrin başlanğıcı kimi görməliyik".
Yaşıl tısbağalar dəniz tısbağalarının ən iri növlərindən biridir. Onların bədən piylərinin yaşıl rəngi bitki mənşəli qidalanmaları ilə bağlıdır. Hazırda dünyada yeddi dəniz tısbağası növü mövcuddur və onlardan ikisi hələ də ciddi təhlükə altındadır.
Ekseter Universitetindən professor Brendan Qodlin bildirib ki, son 50 ildə görülən işlər nəticəsində bir çox bölgələrdə yaşıl tısbağaların sayı artıb: “Bu səylər illərlə davam etməlidir, amma artıq nikbin olmaq üçün əsas var. Dəniz tısbağaları simvolik növlərdir, insanlara ilham verir. Onları qorumaq üçün yüz minlərlə insan çalışıb və bu səylərin nəticə verdiyi açıq-aşkardır".
Qoruma tədbirləri tısbağaların yumurtladığı çimərliklərin qorunması, balaların dənizə buraxılması, ovlanmanın qarşısının alınması və balıq torlarına düşməmələri üçün texnologiyaların tətbiqini əhatə edir.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) təqdim etdiyi ən son “Qırmızı Siyahı”ya əsasən, yaşıl dəniz tısbağası artıq “Təhlükədə olan” kateqoriyasından “Az Təhlükəli” statusuna keçib. Bu, onların sayının artdığını göstərir.
Bununla belə, alimlər xəbərdarlıq edir ki, yaşıl tısbağaların sayı hələ də keçmiş səviyyəyə çatmayıb. Həddindən artıq ovlanma, yaşayış mühitinin azalması və iqlim dəyişikliyi kimi problemlər hələ də mövcuddur.
Məsələn, Avstraliyanın Reyn adasında balaların sayında azalma müşahidə olunur ki, bu da qoruma işlərinin davam etdirilməsinin vacibliyini göstərir.
Amma siyahının yenilənməsi digər növlər üçün o qədər də yaxşı xəbər gətirməyib. Arktika dəniz suitiləri iqlim dəyişikliyi səbəbindən buzların əriməsi ilə daha çox təhlükə altına düşüb. Qapaqlı suitilər artıq “Təhlükədə”, bığlı və ağ suitilər isə “Az Təhlükəli” kateqoriyasına keçib.
Arktika suitiləri buz örtüyündən asılıdır, yəni orada çoxalır, dincəlir və qidalanırlar. Buzların əriməsi onların həyatı üçün ciddi təhlükə yaradır.
Mənbə: BBC News
Tərcümə etdi: Fərid Tapdıqov
