24media.az-ın budəfəki müsahibi Referans klinikasının psixoloqu, Qərbi Kaspi Universitetinin müəllimi Elgül Ağarzayevadır. O, bu gün bizə qida psixologiyası haqqında danışıb.
-İnsanlar niyə bəzən ac olmasalar da yemək istəyirlər?
İnsan ac olmadığı halda yemək yeməsi və ya yemək pozuntuları bir sıra psixoloji faktorlarla əlaqədardır. Bəzən fiziki aclığa görə yox, emosional səbəblərə görə yemək ehtiyacı hiss edilir. Bu, uşaqlıqdan formalaşmış bir vərdişdir. Məsələn, valideyn uşağa ağladığı zaman bir konfet verirsə, uşaq da ağladığında yemək yeyərək rahatlıq tapmağı öyrənir. Beləliklə, beynində kədərli anlarda yemək yedikdə rahatlıq tapmaq kimi bir anlayış formalaşır. Yəni, kədərli olduğumuz zaman yemək yesək, narahatlığımız azalır və uşaq yaşlarından bu vərdiş beynimizdə möhkəmlənir.
-Stressli olmaq bizim qida seçimimizə necə təsir edir?
Aclıq zamanı beyində kortizol hormonları yüksəlir. Kortizol həm də stres hormonudur və insan sakitləşmək, rahatlamaq üçün yeməyə yönələ bilər. Bu zaman bədən bioloji müdafiə mexanizmi olaraq enerjiyə ehtiyac duyduğunu “hiss etdirir” və insanlar şirniyyat və ya digər qidalar vasitəsilə mənəvi rahatlıq tapırlar. Qidalanmadan əvvəl özümüzə sual vermək faydalıdır: “Mən həqiqətən acam, yoxsa emosional olaraq boşluq hiss edirəm?" Bu sualın cavabı insanı mənəvi rahatlığa aparır və düzgün yolda istiqamətləndirir. Yemək pozuntuları nəfəs məşqləri və ya əlavə fəaliyyətlər, hətta idman kimi başqa yollarla da əvəz edilə bilər. Beləliklə, həm bədəndəki stres səbəbi olan kortizol azalır, həm də insan yemək vasitəsilə rahatlıq axtarmağa ehtiyac duymur.
Hazırladı: Gülçin Abdullayeva
