Qazaxıstanın Aktau şəhərində keçirilən 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında Azərbaycan nümayəndə heyəti fəal iştirak edib. Türk dünyası ölkələrinin kinematoqrafiya sahəsində əməkdaşlığını gücləndirməyi hədəfləyən festival çərçivəsində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib. Görüş zamanı üzv ölkələr arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, sonda isə Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.
Festivalın bağlanış mərasimində Azərbaycan filmləri bir neçə nominasiyada qalib olub:
- “Tağıyev: Neft” filmi – “Tammetrajlı film” kateqoriyasında “Ən yaxşı aktyor” mükafatı,
- “Bəlkə də” filmi – “Tammetrajlı film” kateqoriyasında “Ən yaxşı ssenari” mükafatı,
- “Nargin” filmi – “Sənədli film” kateqoriyasında ikinci yer mükafatı qazanıb.
“Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.
Festival Türk dünyası ölkələrinin kino sahəsində yaradıcı əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.
Rəna Qarayeva
