Ekosistem həyat prosesləri bir-biri ilə əlaqəli olan canlılar cəmiyyətidir və eyni mühitin fiziki amillərinə əsaslanaraq inkişaf edir. Yer kürəsi belə yaşayış məkanları ilə doludur ki, onlar bioloji müxtəlifliyin tükənməz mənbəyidir və ölkənin təbii ərazisinin tərkibindəki əhəmiyyəti inkarolunmazdır.

Lakin çox sayda ekosistem insan təsiri səbəbindən ciddi həyat təhlükəsi ilə üzləşir. IUCN ekosistemləri yox olma riski üzrə təsnif edir və səkkiz kateqoriya var: Qiymətləndirilməyib, məlumat yetərsizdir, az narahatlıq doğuran, yaxın təhlükədə, həssas, təhlükədə, kritik təhlükədə və çöküş.
Elə isə gəlin təhlükədə olan bir neçə ekosistemə nəzər salaq:
• Karib dənizi sualtı resifləri
Karib sahilini qoruyan təbii baryer, turizm inkişafı, həddindən artıq balıq ovlama və qlobal istiləşmə daxil olmaqla müxtəlif səbəblərə görə itmə təhlükəsi ilə üzləşib.
World Resources Institute tərəfindən aparılmış son araşdırmaya görə, ekosistemin yox olması halında iqtisadi itkilər illik 350–870 milyon dollar arasında ola bilər.
Keçən il Dünya Sualtı Resiflərinin Monitorinqi Şəbəkəsi (GCRMN), IUCN və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunmuş hesabatda Karib dənizi sualtı resiflərinin növbəti iki onillikdə tədricən ot yeyən balıqların azalması səbəbindən yox ola biləcəyi göstərilib.

• Alyaskanın laminaria meşələri
Alyaska sahilləri kommersiya məqsədli balıq növləri də daxil olmaqla, bir çox növün meydana gəlməsi üçün ideal mühit yaradan ələqəli alg ekosistemi ilə qorunur. Bundan əlavə, bu meşələr Şimali Amerikanın sərt dalğalarına təbii baryer rolunu oynayır və karbon dioksidi udur.
Lakin bu kelp meşələri çirklənmə və həddindən artıq balıq ovlama səbəbindən ciddi təhlükə altındadır, bu da su samuru qida zəncirini məhv edir və dəniz kirpilərinin algləri məhv etməsinə imkan yaradır.
Bu sualtı meşələr gündə yarım metrə qədər böyüyə və 80 metr hündürlüyə çata bilir. Onlar qida maddələri zəngin sularda və həmişə 20 ºC-dən aşağı temperaturda böyüyür, buna görə də suyun temperaturunun artması onların ekoloji dəyərinə mənfi təsir göstərir.

• Murray-Darling hövzəsi bataqlıqları
Avstraliyadakı Murray və Darling çayları hövzəsi, uzunluğu 3,500 km-dən çox olan, yalnız ölkənin ən sıx məskunlaşmış bölgəsinə (Adelaide, Melbourne və Sydney) su təmin etmir, həm də çoxsaylı bataqlıqlar, meşələr və göllərin canlılarını və bitki örtüyünü təmin edir.
Bu bataqlıqların ən böyük düşməni kənd təsərrüfatıdır ki, bu da ərazinin bitki örtüyünün yox olmasına və Murray çayının bəzi hissələrində quraqlığa səbəb olub (təxminən 18% su tutumu), duzluluq səviyyəsinin artmasına gətirib çıxarıb.
Son zamanlar Murray-Darling hövzəsi idarəsi suyun davamlı istifadəsini təmin etmək üçün suvarma məqsədli su istehlakını 2009 ilə müqayisədə 2,750 gigalitr azaldıb.

• Sidney sahil bataqlıqları
Avstraliyanın bu təbii mühiti, ən çox məskunlaşmış şəhəri olan Sidney-i əhatə edir və ən çox təhlükə altında olanlardan biridir.
New South Wales Ətraf Mühit və Miras İdarəsi bildirir ki, son iki əsrdə ştatdakı sahil bataqlıqlarının 60%-i yox olub. Səbəblər çoxdur və hamısı insan təsiri ilə bağlıdır: fracking, yaşayış sahələrinin inkişafı, kömür mədənçiliyi, digər istixana qazı yayan fəaliyyətlər, invaziv növlərin gətirilməsi və s.

• Cənubi karst bulaqları
Avstraliyanın cənub sahilində yerləşən Piccaninnie Ponds Parkında yaşayan əlli xərçəng növündən 34-ü təhlükədə və kritik təhlükədədir.
Bu kədərli vəziyyət yeraltı su səviyyəsinin – yeraltı suların səthə çıxmasının – yox olması səbəbindən yaranıb. Bu bulaqların 862 hektarı insan istifadəsindən qorunur, amma IUCN-ə görə, bütün ekosistemi xilas etmək üçün kifayət deyil.
Əlavə olaraq, 2013-cü ildə Piccaninnie Ponds dünyanın ən önəmli bataqlıqları siyahısına daxil olub.

Mənbə: Google Arts & Culture
Tərcümə etdi: Arzu Qafarova
