Almaniyada tapılan 13.000 illik daş üzərindəki azurit qalıqları, Avropada məlum olan ən qədim mavi piqment istifadəsini üzə çıxarıb.
Mavi təbiətdə ən nadir rənglərdən biridir. Hətta mavi görsənən çiçəklər, quşlar və kəpənəklər də, əslində piqmentə deyil, işığı əks etdirərək onları mavi göstərən optik oyunlara (məsələn, iridisans – yanardönərlik) əsaslanır.
Bu səbəbdən Almaniyadakı Mühlheim-Dietesheim sahəsində edilən bu kəşf qeyri-adi hesab olunur. 13.000 il əvvələ aid olan bu tapıntı Avropada məlum olan ən qədim mavi piqment istifadəsi və dünyanın ən qədim nümunələrindən biridir.
Gürcüstandan tapılan, 32.000–34.000 il əvvələ aid digər dəlillər də mövcuddur; bu dəlillər insanların çivit otu (Isatis tinctoria) bitkisini əzərək bənövşəyi-mavi rəngdə bir piqment hazırlamış ola biləcəyini göstərir. Bu bitki sonralar cins (kot) şalvarların rəngini verən boyaların da mənbəyinə çevrilib.
Tədqiqatçılar inkişaf etmiş görüntüləmə üsullarından və kimyəvi analizlərdən istifadə edərək daşın üzərindəki maddənin əzilməmiş azurit olduğunu müəyyən ediblər. Azurit, mis filizinin hava şəraitinə məruz qalaraq parçalanması nəticəsində əmələ gələn tünd mavi rəngli bir mis mineralıdır. Ren-Main çayının yerləşdiyi bölgənin geologiyası mis baxımından zəngindir; bu da Paleolit dövrü insanlarının daşı yəqin ki, yerli ərazidən topladıqlarını göstərir.
Bu nadir piqmentin insan tərəfindən hazırlanmış bir əşyaya geoloji təsadüf nəticəsində bulaşmış olması olduqca az ehtimaldır. Mühlheim-Dietesheim sahəsində tarixdən öncəki insanların qırmızı və qəhvəyi aşıboyasından istifadə etdiklərinə dair çoxlu dəlillər mövcuddur. Aşıboyası isə bəşər tarixinin böyük bir hissəsi boyunca dünyanın müxtəlif yerlərində istifadə edilən təbii piqment olub.
Qədim dünyada mavi piqmentlərin ən məşhur istifadəsi, mavi piqmenti sintetik şəkildə istehsal edən ilk mədəniyyət olan Qədim misirlilərə məxsusdur. Təxminən 4.500 il əvvəl onlar müxtəlif mineralları qarışdıraraq həm ton, həm də tekstura baxımından tozlu görünüşə malik mavi piqment hazırlamışdılar və onu divar rəsmlərindən tutmuş bəzəklərə qədər bir çox əşyada istifadə ediblər.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
