Bu gün:

Bir insan niyə cinayət törədir?


Bu davranışın arxasında yalnız şəxsi seçimlər dayanır, yoxsa beynin işləmə mexanizmi və ətraf mühitin təsiri də mühüm rol oynayır?
Cinayət törətmə davranışını neyroloji baxımdan araşdırmaq üçün beynin inkişaf prosesini, kimyəvi tarazlığını və ətraf mühitlə qarşılıqlı təsirlərini birlikdə nəzərdən keçirmək lazımdır.

Beynin ən vacib hissələrindən biri olan prefrontal korteks məntiqi düşünmə, uzunmüddətli planlaşdırma, ictimai qaydaları dəyərləndirmələrə nəzarət kimi funksiyalara cavabdehdir. Bu nahiyə xüsusilə yeniyetməlik dövründə hələ tam formalaşmadığı üçün uşaqlarda və gənclərdə nəticələri düşünmədən hərəkət etmək, qısamüddətli mükafatlara yönəlmək və riskli davranışlara meyil göstərmək daha çox müşahidə olunur. Buna görə də uşaq yaşlarında törədilən cinayətlərdə “beynin tam inkişaf etməməsi” neyroloji baxımdan mühüm amil sayılır.

Beynin emosional mərkəzlərindən olan amigdala qorxu, hirs və təhlükə siqnallarının qavranılmasında əsas rol oynayır. Amigdalanın həddindən artıq aktiv olması aqressiv davranışlara və ani partlayışlara səbəb ola bilər. Əksinə, amigdalanın zəif fəaliyyət göstərməsi başqalarının hisslərinə laqeyd qalmaq, yəni empati çatışmazlığı ilə nəticələnir. Amigdala ilə prefrontal korteks arasında sağlam tarazlıq olduqda insan həm öz duyğularına nəzarət edə bilir, həm də qarşısındakının hisslərini nəzərə alaraq davranır. Lakin bu tarazlıq pozulduqda cinayət davranışı üçün zəmin yaranır.

Mükafat sistemi də cinayət davranışının başa düşülməsində açar rol oynayır. Beyində dopamin vasitəsilə işləyən bu sistem riskli və ya qanunsuz davranışları qısa müddətli həzz mənbəyinə çevirə bilər. Uşaqlıq və yeniyetməlik dövrlərində dopamin sistemi daha həssas olur; bu isə “həyəcan axtarışı” və “ani zövqə meyillilik” hisslərini gücləndirir. Nəticədə gənclər uzunmüddətli nəticələri düşünmək əvəzinə, həmin an onlara zövq və ya güc hissi verən davranışlara yönəlirlər. Dopaminin həddindən artıq ifrazı isə beyni təhlükəli davranışlara qarşı sanki “mükafatlandırılmış” kimi hiss etdirməyə başlayır.

Kimyəvi baxımdan serotonin səviyyəsinin aşağı olması aqressiya, səbirsizlik və dürtülərə nəzarətin zəifləməsi ilə əlaqələndirilir. Uşaq və gənclərdə serotonin sisteminin qeyri-sabit fəaliyyəti əsəbi partlayışlara və zorakılığa meyli artırır. Bundan əlavə, uzunmüddətli stress hormonu olan kortizolun uşaqlıqda xroniki olaraq yüksək olması, beynin öyrənmə və yaddaş mərkəzi olan hipokampusa zərər verə bilər. Bu isə həm davranışların tənzimlənməsini, həm də yaşanmış hadisələrdən nəticə çıxarma qabiliyyətini zəiflədir.

Uşaqlıqda törədilən cinayətlərin neyroloji tərəfini yalnız bioloji yetişmə ilə izah etmək olmaz. Erkən yaşda yaşanan travmalar, laqeydlik, ailədaxili zorakılıq və ya yoxsulluq kimi ətraf mühit faktorları da beynin inkişafına birbaşa təsir edir. Xüsusilə sevgi və qayğının çatışmazlığı sosial-emosional inkişafı təmin edən beyin nahiyələrində əlaqələrin zəifləməsinə səbəb ola bilər. Bu isə empati qurmaq, vicdan formalaşdırmaq və sosial normalara uyğunlaşmaq qabiliyyətini zəiflədir.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et