Elm adamları autizmin vahid səbəbi olan tək bir vəziyyət olmadığını bildirirlər. Yeni beynəlxalq araşdırmaya görə, uşaqlıqda erkən diaqnoz qoyulanlarla (adətən 6 yaşından əvvəl) daha sonrakı dövrlərdə (10 yaşdan sonra) diaqnoz qoyulanların genetik profilləri əhəmiyyətli dərəcədə fərqlidir.

Tədqiqat Avropa və ABŞ-da 45 min nəfərdən çox autizmli şəxsin genetik məlumatlarına əsaslanıb. Nəticələr göstərib ki, erkən diaqnoz qoyulan uşaqlarda sosial ünsiyyət və davranış çətinlikləri erkən yaşda üzə çıxır və sabit qalır. Sonrakı dövrlərdə diaqnoz qoyulanlarda isə bu çətinliklər xüsusilə yeniyetməlik illərində artır, həmçinin depressiya və digər psixi sağlamlıq problemləri ilə müşayiət olunur.
Kembric Universitetindən psixiatr Dr. Varun Warrier qeyd edib ki, “Autizm çox güman ki, bir çox vəziyyəti təsvir edir. İlk dəfə olaraq, erkən və gec diaqnoz qoyulan autizmin fərqli bioloji və inkişaf profillərinə malik olduğunu aşkar etdik”.
Araşdırma göstərib ki, sonradan diaqnoz qoyulan autizmin genetik profili diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), depressiya və travmadan sonrakı stress pozuntusu (TSSB) ilə daha çox oxşarlıq göstərir. Erkən diaqnoz qoyulanlarda isə dil və hərəkət inkişafında gecikmələr, sosial və ünsiyyət çətinlikləri daha çox müşahidə olunub.
Mütəxəssislər qeyd edirlər ki, autizmi iki ayrı kateqoriyaya bölmək doğru deyil, çünki diaqnoz yaşına təsir edən çoxsaylı amillər mövcuddur. London Universitet Kollecindən professor Uta Frith isə bildirib: “Məni ümidləndirir ki, gələcəkdə daha çox alt qruplar müəyyən ediləcək və hər biri özünə uyğun diaqnostik etiket alacaq. Autizmin müxtəlif şərtlərin qarışığı olduğunu başa düşməyin vaxtıdır”.
Qeyd edək ki, Böyük Britaniyada 1998–2018-ci illər arasında autizm diaqnozlarının sayı təxminən 800% artıb. Mütəxəssislər bunu əsasən diaqnostik meyarların genişlənməsi və vəziyyətin daha çox tanınması ilə əlaqələndirirlər.
Mənbə: The Guardian
Tərcümə etdi: Asiya Zeynallı
