Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinadən 24media.az bildirir ki, Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimat mərasimi keçirilib. Nəşr müəlliflərin özlərinin və valideynlərinin xatirələrinə əsaslanan məqalələr toplusundan ibarətdir.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxışında bildirib ki, müəlliflər hazırda ölkənin müxtəlif bölgələrində pedaqoji fəaliyyətlə məşğul olan Qərbi Azərbaycan əsillidir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə vurğulayıb ki, kitab gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə, Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına mühüm töhfə verəcək: “Keçmişini bilməyən xalqın uğurlu gələcəyi ola bilməz. Bu səbəbdən Qərbi Azərbaycanla bağlı tarixi məqamların öyrənilməsi zəruridir”.
Digər çıxışçılar da Qərbi Azərbaycan irsinin qorunmasının, həqiqətlərin dünyaya çatdırılmasının və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin vacibliyini qeyd ediblər.
Layihənin meneceri, Elm və Təhsil Nazirliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev kitabın yalnız ölkədə deyil, beynəlxalq müstəvidə də tanıdılmasının əhəmiyyətini vurğulayıb və nəşrin pedaqoji prosesdə faydalı ola biləcəyini qeyd edib.
Rəna Qarayeva