Bu gün:

Qalileya dənizi yaxınlığında 1400 illik zəngin kolleksiya tapılıb


Arxeoloqlar Qalileya dənizi yaxınlığında Bizans dövrünə aid, təxminən 1400 illik nadir qızıl sikkə və zinət əşyaları kolleksiyası aşkar ediblər.

Kolleksiyaya 97 saf qızıl sikkə, həmçinin inci, yarı qiymətli daşlar və şüşə işləməli sırğalar da daxil olmaqla onlarla zinət əşyası daxildir. Qazıntı qrupu bu kolleksiyanı Qolan Təpələrinin ətəyində yerləşən qədim Hippos (Sussita adı ilə də tanınır) şəhərində işləyərkən aşkarlayıb.

Sikkələr Bizans imperatoru I Yustinin (518–527) hakimiyyət dövründən İmperator Herakliosun (610–641) ilk illərinə qədər olan dövrə aiddir. Bəzi sikkələrin üzərində parça qalıqlarına rast gəlinib ki, bu da kolleksiyanın vaxtilə parçaya bükülü olduğunu göstərir.

Sözügedən kolleksiya yüksək əyarlı qızıldan hazırlanmış böyük solidus sikkələri, bir solidusun yarısı dəyərində olan semissis və üçdə biri dəyərində olan tremissislərdən ibarətdir.

Tremissislərdən biri xüsusilə diqqət çəkirdi; ehtimal olunur ki, o, 610-cu ildə İmperator Fokasa qarşı üsyan qaldıran general Böyük Heraklios və onun oğlu tərəfindən Kiprdə zərb olunub. Gənc Heraklios qələbə qazanaraq 610–711-ci illərdə hökm sürən Bizans Heraklios sülaləsini qurub.

Kolleksiyanın niyə basdırıldığı məlum olmasa da, tarixi mənbələr göstərir ki, VII əsrdə Hippos çalxantılı bir məkan olub. 614-cü ildə İran və Yaxın Şərqin bir hissəsini əhatə edən Sasani imperiyasının orduları Bizans Fələstinini işğal edib. Düşmən qoşunları yaxınlaşarkən Hippos da daxil olmaqla bölgədəki xristian şəhərlərinin sakinləri sərvətlərini gizlədiblər.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et